“İranda türklər və türkologiya” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsi Türkologiya kafedrası nəzdində “Türkoloji araşdırmalar” ETL-də “İranda türklər və türkologiya” mövzusunda elmi seminar keçirilib. Azərbaycan türkologiyasının görkəmli nümayəndəsi, uzun illər BDU-nun Türkologiya kafedrasına rəhbərlik etmiş, mərhum akademik Tofiq Hacıyevin anadan olmasının 87-ci ildönümünə və “Türkoloji araşdırmalar” ETL-in fəaliyyətə başlamasının 11 illiyinə təsadüf edən tədbirdə Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədli, İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri professor Abbas Abbasov, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” və “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının magistrantları, Tələbə Elmi Cəmiyyətinin üzvləri iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov öncə görkəmli dil tarixçisi Tofiq Hacıyevin Bakı Dövlət Universitetinin ölkəmizdə əsas türkoloji mərkəz kimi qərar tutmasında mühüm xidmətlərindən söz açıb, Cənubi Azərbaycandan ölkəmizə gələn soydaşlarımızın yetişməsində alim və müəllim kimi mühüm rol oynadığını diqqətə çatdırıb.
Məruzəçi qeyd edib ki, İran tarixən türk xalqlarının məskunlaşdığı qədim ərazilərdən biridir. Tarixi həqiqətdir ki, hətta uzun müddət bu coğrafiyada hakimiyyət türklərin əlində olub. İndi İran dövlətinin ərazisi kimi bilinən tarixi Azərbaycan torpaqlarında və digər yerlərdə minilliklər boyunca müxtəlif türk xalqları yaşayıblar və indi də yaşamaqdadırlar. Onlardan xalaclar, türkmənlər, qaşqaylar, Xorasan türkləri, sunqurlar, özbəklər, azərbaycanlılar, əfşarlar, eynalılar, əbiverdilər və s. kimi türk toplumlarını göstərmək olar. Diqqəti İranda yaşayan soydaşlarımıza yönəldən məruzəçi bildirib ki, bunların içərisində azərbaycanlılar daha çoxluq təşkil edir və hətta bəzi türkoloqlar yuxarıda adları qeyd olunan türk etnoslarının dillərini Azərbaycan dilinin dialektləri hesab edirlər.
1924-cü ildə hakimiyyətə gələn pəhləvilərin yürütdüyü siyasət tükrləri və onlara aid milli nə varsa hamısını təhdid altında saxlayıb. Panfarsistlər fəallaşaraq türk toplumlarına öz dillərini, ədəbiyyatlarını, mədəniyyət və adət-ənənələrini unutdurmaq kimi qəddar bir missiyanı həyata keçiriblər. Bütün fiziki-mənəvi işgəncələrə, siyasi təzyiqlərə baxmayaraq, İranda yaşayan türklər, o cümlədən Azərbaycan türkləri güclü iradə nümayiş etdirib və bütün bu təhdidlər onları öz köklərindən tam ayıra bilməyib, bu gün də (siyasi təqiblərə məruz qalsalar da belə) öz kimliklərini təsdiq edə bilirlər. Təbii ki, bunlar həm də xalqın içərisindən çıxan milli düşüncəli ziyalı və mütəfəkkirlərin sayəsində mümkün olub.
Məruzədə İranda aparılan türkoloji araşdırmalardan da söz açılıb. R.Bayramov qeyd edib ki, İranda mövcud olan dürk dillərinin araşdırılmasına ilk dəfə sistemli olaraq, Göttingendəki “Türkologiya və Orta Asiya Bilik Seminarı”nın üzvləri tərəfindən başlanılıb. G.Dörfer və onun tələbələri 1968-1973-cü illərdə elmi ezamiyyət məqsədilə İrana gələrək xüsusilə xalac və Xorasan türkcəsi ilə bağlı ciddi tədqiqatlar aparıblar. Dörferlə bərabər, S.Tezcan, V.Hesche, S.Fazsy, M.F.Bozkurt və S.Tulu kimi alimlər də həmin elmi heyətdə yer alıblar. Çıxışda həmçinin Cənubda fəaliyyət göstərən türkoloqlardan Cavad Heyət, Mirzə Həsən Rüşdiyyə, Məhəmmədəli Fərzanə, Məhəmməd Tağı Zehtabi və başqalarının yaradıcılığı haqqında məlumat verilib, onların əsərlərinin İranda türkoloji düşüncənin formalaşmasına mühüm təsir göstərdiyi vurğulanıb.
Sonra məruzə ətrafında çıxışlar edilib. Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədli mövzunun aktuallığına diqqət çəkərək, hazırda İranda yaşayan türklərin və türkologiyanın mövcud vəziyyətinə aydınlıq gətirib, burada məskunlaşmış türk mənşəli xalqların dilləri ilə bağlı türkoloji tədqiqatlarda yer almış görüşlər barəsində fikirlərini bölüşüb. Bildirib ki, İranda yaşayan 120 etnik tayfa var ki, bunlar sırf azərbaycanlılarla əlaqəlidir. Türkoloq alimlərin İranda yaşayan türklərlə bağlı apardıqları araşdırmalara toxunan M.Məmmədli bu sahədə akademik Tofiq Hacıyevin xidmətlərindən də söz açıb. Xüsusilə Cənubdan Azərbaycana ali təhsil almağa gələn soydaşlarımızın yetişməsində Tofiq Hacıyevin roluna diqqət çəkərək, görkəmli alimin Azərbaycan ədəbi dilinin cənub qolu haqqındakı araşdırmalarından bəhs edib.
“Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri dosent Nəzakət Hüseynova İranda milli-mənəvi dəyərlərimizi təbliğ edən azərbaycanlı şair və yazıçıların ədəbi fəaliyyətindən söz açıb, ötən yüzillikdə Cənubi Azərbaycanda formalaşan milli düşüncəli yaradıcı ziyalıların ana dilimizin təbliği və öyrənilməsinə verdikləri töhfələrin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Seminar başa çatdıqdan sonra, tədbir iştirakçıları II Fəxri xiyabana gedərək, akademik Tofiq Hacıyevin məzarını ziyarət edib və qəbri üzərinə gül dəstələri düzüblər.