“İntonasiya. Azərbaycan dilinin orfoepiyası” mövzusunda açıq dərs
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Xansuvar qızı Vəliyevanın Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının I kurs, Fl-175 qrupunda “Müasir Azərbaycan dilinin fonetikası” fənnindən “İntonasiya. Azərbaycan dilinin orfoepiyası” mövzusunda açıq dərsi təşkil olunub. Açıq dərsdə kafedra müdiri, professor Tofiq Hacıyev, professor Reyhan Həbibli və müəllimlərdən filologiya üzrə fəlsəfə doktoru Aygün Məhərrəmova, Nərmin Məmmədli iştirak ediblər.
Dərs zamanı tələbələr intonasiyanın əsas xüsusiyyətləri, tipləri, növləri, tərkib hissələri haqqında məlumat verib, dil üçün əhəmiyyətini izah ediblər. Tələbələr dərs boyunca intonasiya haqqında aydın təsəvvür yarada biliblər. Həmçinin Azəbaycan dilinin orfoepiyası haqqında ətraflı məlumat verilib, ədəbi tələffüz normalarına aid olan cəhətlərdən danışılıb. Orfoepiya anlamında dildəki sözlərin fonetik tərkibi, intonasiya konturlarının müəyyənləşdirilməsi və s. kimi məsələlər təhlil olunub.
İnteraktiv üsulla baş tutan açıq dərs tələbələrin fəallığı ilə diqqət çəkib. Sonra kafedra əməkdaşları fənnin tədrisinin keyfiyyətini müzakirə edərək, müəllim və tələbələrə öz tövsiyələrini veriblər. Dərsin gedişi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.