“İnternet saytlarında ədəbi dil normalarının pozulması” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dilinin tətbiqi-məsələləri” ETL-də laboratoriyanın böyük elmi işçisi, f.ü.f.d. Xatirə Xaliddin qızı Vəliyevanın “İnternet saytlarında ədəbi dil normalarının pozulması” mövzusunda elmi seminarı keçirilib. Seminarda laboratoriya əməkdaşları ilə yanaşı, Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova, kafedranın müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aygün Məhərrəmova və başqaları iştirak ediblər.
Məruzədə qeyd olunub ki, “ədəbi dil normaları müəyyənləşdirilərkən təbiilik, işləklik sabitlik, zərurilik kimi amillər əsas götürülməlidir. Ədəbi dilin sistemə salınmış normalarını həmin dildə danışanların hamısı izləməli və bilməlidir. Norma insanın məqsədəuyğun fəaliyyətinin nəticəsidir, dilin qanunları isə obyektivdir. Ədəbi dil normasında həqiqətən obyektivlik kökü qalır, lakin subyektivlik notları da seçilir. Yoxsa məcrasız şəkildə normanın axını hara gəldi-gedərdi və tamam hərc-mərclik yaranardı, bu özbaşnalıq isə elə pərakəndəlik törədərdi ki, xalq dili ilə ədəbi norma üst-üstə düşərdi”.
Natiq bildirib ki, internet saytları KİV olaraq müasir dövrümüzün, həyatımızın bir hissəsinə çevrilib. Cəmiyyət həyatının bütün sahələrində gedən proseslərin şəffaflığını şərtləndirən əsas cəhətlər şifahi və yazılı nitq materiallarının ədəbi dil normalarına və məntiqə uyğunluğu, söz və cümlələrin aydınlığı və səlistliyidir. Bütün bu göstərilənlər KİV-də nitq prosesləri bir güzgü kimi aydın və şəffaf görünür. İnternet saytları da KİV olaraq nitq prosesində aydınlığı, dəqiqliyi, düzgünlüyü qorumalı, informasiyalar fonetik, leksik, qramatik, üslubi səviyyələri əhatə etməlidir. Aparılan tədqiqat nəticəsində müəllif Konkret.az, NEWS24, Medianews.az və s. saytlarında ədəbi dil normalarının pozulduğuna diqqət çəkib, fikirlərini faktlarla izah edib.
Seminar müzakirələrlə yekunlaşıb.