İngilis dili kafedrasında növbəti elmi seminar
BDU-nun Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasında “Historical background in the works of American-Turkish writers” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti iştirak edib.
Mövzu ilə bağlı ingilis dilində məruzə edən kafedranın müəllimi Reyhanə Cəfərova ABŞ-da mühacirət ədəbiyyatından söz açaraq, bu ədəbiyyatın tərkib hissəsi olan türk mühacirət ədəbiyyatının yaranması və inkişafı haqqında ətraflı məlumat verib. Bildirib ki, XIX əsrin sonları və XX əsrin əvvəllərində dünyada baş verən siyasi- iqtisadi hadisələr bütün ölkələrin həyatına bu və ya digər dərəcədə öz təsirini göstərib. Türkiyə üçün də bu dövr xüsusi tarixi əhəmiyyət kəsb edir. Osmanlı imperiyasının süqutu və Türkiyə Cumhuriyyətinin yaranması ilə yeni dövrün təməli qoyulub. Bu baxımdan seminarda türk mühacirət ədəbiyyatının inkişafında müstəsna rolu olan yazıçıların həyat və yaradıcılığına nəzər salınıb və onların əsərlərindəki real tarixi faktlar müzakirə olunub.
Sonra seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, məruzə ilə bağlı təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, bu, Reyhanə Cəfərovanın cari ildə baş tutan ikinci elmi seminarıdır. Belə ki, məruzəçinin bu ilin may ayında da “ABŞ-da türk mənşəli mühacir qadın yazıçılar” adlı elmi seminarı keçirilib.