İngilis dili kafedrasının əməkdaşları konfransda
Azərbaycan Dillər Universitetində (ADU) Təhsildə Araşdırma və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi (TAİM) və Kalifoniya Dövlət Universitetinin (Çiko) birgə təşkilatçılığı ilə “Beynəlxalq Əməkdaşlıq üzrə Təhsil Konfransı” keçirilib. Konfrans “Pandemiya və postpandemiya dövründə təhsilin əlçatanlığı, bərabərliyi və inklüzivliyi, dərsin yenidən qurulması və tənzimlənməsi” mövzusuna həsr olunub.
Tədbirdə ADU-nun rektoru Kamal Abdulla, Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul şəxsi Riçard Pinkham, Kaliforniya Dövlət Universitetinin Multikultural fənlər mərkəzinin direktoru professor Çarlz Zartman, Liberal fənləri üzrə koordinatoru professor Maris Tompson, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Bethani Pineqar kimi mötəbər xarici və yerli qonaqlar iştirak edib. Konfransda postpandemiya dövründə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi istiqamətində dünyanın bir sıra ölkələrindən gələn professor-müəllim heyəti ilə elmi müzakirələr aparılıb.
Konfransa BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahovun rəhbərliyi ilə təbiət və humanitar fakültələr üzrə ingilis dili kafedralarının müəllimləri - İlkanə Əmirova, Nigar Seyidova, Gülənbər Abbasova, Səbinə İsmayılova və Sevinc Katibli qatılıb. Təmsilçilərimiz ingilis dilinin xarici dil kimi tədrisi yolları, təhsildə liderlik, bərabərlik və inklüzivlik kimi mövzularla bağlı aparılan müzakirələrdə aktiv iştirak ediblər.