“İfadəli oxu” fənnindən növbəti musiqili kompozisiya dərsi
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəna Mahmudovanın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III kurs, 148-ci qrupunda “İfadəli oxu” fənnindən musiqili kompozisiya dərsi təşkil olunub. Dərsdə professorlar Tofiq Hacıyev və Almaz Məmmədova, dosent Fikrət Əlizadə, müəllimlər - Səidə Nağıyeva, Nahidə Həsənova və Ramil Bayramov iştirak ediblər. Dərs vətən, məhəbbət və müəllim mövzularına həsr olunub.
Kompozisiyanın birinci hissəsində vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa olunub, Ş.İ.Xətayi ilə bağlı “Şah mənəm” səhnəciyi göstərilib.
İkinci hissədə məhəbbət və müəllim mövzularına həsr edilmiş şeirlər səsləndirilib, M.Füzulinin “Leyli və Məcnun” əsərindən “Anasının Leyliyə nəsihəti” adlı səhnəcik, ardınca “Arşın mal alan” operettasından bir hissə təqdim olunub. Dərs “Biz mehriban ailəyik” mahnısının ifası ilə yekunlaşıb.
Sonda müəllimlər fənnin tədrisinin keyfiyyətini müzakirə edərək, dərsin gedişini yüksək qiymətləndirib, tələbələrə öz tövsiyələrini veriblər.