“İfadəli oxu” fənnindən musiqili kompozisiya dərsi təşkil olunub
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimi Gülümsər Abbasovanın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III kurs, 150-ci qrupunda “İfadəli oxu” fənnindən musiqili kompozisiya dərsi təşkil olunub. Dərsdə kafedra müdiri, professor Mətanət Abdullayeva və kafedranın dosentləri - Rəna Mahmudova, Rəhilə Quliyeva və Şəlalə Abdullayeva iştirak ediblər.
Tələbələr qruplar şəklində bölünərək repressiya, ana və vətən mövzularına toxunublar. Kompozisiyanın ilk hissəsində repressiya dövrünün görkəmli şairləri - M.Müşfiq, Ə.Cavad, Ə.Vahid, H.Cavidin həyat və yaradıcılıq yolu ilə bağlı səhnəcik təqdim olunub, şeirlər səsləndirilib və “Çırpınırdı Qara dəniz” mahnısı ifa edilib.
Sonra tələbələr C.Məmmədquluzadənin “Anamın kitabı” və digər ədəbi nümunələrimizdə ana obrazlarının əks olunduğu əsərlərdən səhnəciklər təqdim edib, həmçinin C.Məmmədquluzadənin “Ölülər” və müxtəlif ədəbi əsərlərdən gətirdikləri nümunələr əsasında nadanlıq, cəhalət, azadlıq və istiqlaliyyət kimi mövzularla bağlı fikirlərini bölüşüblər.
Sonda kafedra əməkdaşları fənnin tədrisinin keyfiyyətini müzakirə edərək, dərsin gedişini yüksək qiymətləndirib, tələbələrə öz tövsiyələrini veriblər.