İbtidai sinif dərsliklərinin dili müzakirə olunub
BDU-nun Filologiya fakültəsində “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi tədqiqat laboratoriyasının təşəbbüsü ilə “Ümumtəhsil orta məktəblərin ibtidai siniflərinin dərsliklərində və dərs vəsaitlərində Azərbaycan dili problemləri” mövzusunda elmi seminar keçirilib. Seminarda sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, Azərbaycan dilçiliyi kafedrasının müəllimləri və laboratoriya əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan laboratoriyanın böyük elmi işçisi Xatirə Vəliyeva seminarın mövzusunun əhəmiyyətinə diqqət çəkərək, orta məktəb dərsliklərində müşahidə olunan ədəbi dil normalarının pozulması hallarından söz açıb, xüsusilə orta məktəblərin ibtidai sinif dərsliklərindəki və dərs vəsaitlərindəki Azərbaycan dili ilə bağlı problemlər haqqında məlumat verib. Bildirib ki, dərsliklər tərtib olunan zaman ədəbi dil normalarına diqqət yetirmək ən vacib məsələlərdən biridir.
Mövzu ilə əlaqədar çıxış edən “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in kiçik elmi işçisi İlhamə Şirbala qızı Hacıyeva orta məktəblərin ibtidai sinif dərsliklərində və dərs vəsaitlərindəki problemli məqamları nümunələr əsasında təhlil edib, aşkar etdiyi faktlarla dərsliklərdəki dil və üslub qüsurlarına aydınlıq gətirib. Qeyd edib ki, dərsliklər tərtib olunan zaman ədəbi dilin normalarından əlavə, dilə estetik baxımdan da diqqətlə yanaşılmalı, termin seçiminə fikir verilməli, test tapşırıqlarında suallarının qoyuluşu zamanı 2021-ci ilin Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğəti əsas götürülməlidir.
Sonra seminar iştirakçıları məruzə ətrafında müzakirələr aparıblar.