I kurs tələbələri ilə görüş keçirilib
BDU-nun Filologiya fakültəsində 15 Sentyabr - Bilik Günü münasibətilə 2023/2024-cü tədris ili üzrə qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib. Görüşdə fakültə rəhbərliyi, kafedra müdirləri, professor-müəllim heyəti və tyutorlar iştirak ediblər.
Fakültə dekanı, dosent Elçin Məmmədov tələbələri BDU-nun Filologiya fakültəsinə qəbul olunmaları və yeni dərs ili münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Universitetlə yaşıd olan Filologiya fakültəsinin tarixi, elmi mühiti, kadr potensialı haqqında məlumat verən dekan son illər universitetdə həyata keçirilən islahatlardan və yeniliklərdən, kadr hazırlığı aparılan ixtisasların perspektivlərindən bəhs edib, fakültənin əldə etdiyi mühüm nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, tədrisin keyfiyyətinin artırılması məqsədilə fakültənin maddi-texniki bazası daha da gücləndirilir, tələbələrin şəffaf mühitdə təhsil almalarına şərait yaradılır. Həmçinin fakültədə fəaliyyət göstərən tələbə təşkilatları istedadlı və bacarıqlı gənclərin üzə çıxarılması istiqamətində mühüm işlər görür və onların uğur qazanmalarına dəstək verir.
Dekan müavinləri – Ülviyyə Hüseynova, Mehriban Əlizadə və Anar Fərəcov, kafedra müdirləri – Məhərrəm Məmmədli, Tofiq Hacıyev, Lalə Quliyeva, Bəylər Hacıyev, Tahir Əliyev, Elmira Fərəcullayeva, Ümumi dilçilik kafedraının dosenti Cavanşir Muradov, “Söz” Yaradıcılıq Birliyinin rəhbəri Məti Osmanoğlu, “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri – Ramil Bayramov və Pərvin Eyvazov, tələbə təşkilatlarının rəhbərləri və başqaları çıxış edərək Azərbaycanda ictimai-siyasi və filoloji fikrin inkişafında BDU-nun Filologiya fakültəsinin tarixi xidmətlərindən, buradakı tədris prosesindən söz açıb, tələbələrin universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətini vurğulayıblar.
Sonra fakültənin tyutorları tələbələrə boloniya prosesi ve kredit sistemi haqqında ətraflı məlumat verib, onların qruplar üzrə bölgüsünə aydınlıq gətirib.
Qeyd edək ki, cari tədris ilində 402 nəfər abituriyent (372-si əyani və 30-u qiyabi) BDU-nun Filologiya fakültəsində təhsil almaq imkanı əldə edib. Onlardan ikisi respublika fənn olimpiadalarının qalibi olduğundan universitetə müsabiqədənkənar qəbul edilib. Qəbul olunan tələbələrdən 6 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Fakültə üzrə ən yüksək göstərici 645 baldır.