Heydər Əliyevin 99 illiyinə həsr olunmuş elmi konfrans
Bakı Dövlət Universitetində Filologiya fakültəsinin təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Plenar iclası giriş sözü ilə açan BDU-nun Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov qonaqları salamlayaraq, Ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində apardığı islahatlardan, banisi olduğu azərbaycançılıq ideologiyasından, Azərbaycan dili və ədəbiyyatının inkişafına verdiyi əvəzolunmaz töhfələrdən danışıb. Bildirib ki, H.Əliyevin Azərbaycana rəhbərliyi dövründə görkəmli ədəbi şəxsiyyətlərin yubileyləri qeyd edilib, ədəbiyyat və mədəniyyət xadimləri, elm adamları yüksək qayğı ilə əhatə olunub, dövlət dilinin qorunması və təbliği istiqamətində tarixi əhəmiyyət daşıyan fərman və sərəncamlar imzalanıb. Hazırda Heydər Əliyev irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu şərəfli missiyanı uğurla davam etdirir, xüsusilə Qarabağ ədəbi-mədəni mühitinin əvvəlki nüfuzunun qaytarılması yönündə mühüm addımlar atır, rəhbərliyi ilə ölkəmizin mədəniyyət beşiyi Şuşada tarixi önəm daşıyan tədbirlər həyata keçirilir.
Sonra BDU-nun “Dədə Qorqud” ETL-in aparıcı elmi işçisi professor Adil Babayev, Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Tofiq Hacıyev Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı çıxışlar ediblər. Çıxışlarda xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunan dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə uzaqgörənliklə atdığı addımlardan, xalqımızın milli-mənəvi dəyərləri və ədəbi-bədii nümunələrinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin cəmiyyətdəki nüfuzunun artırılması yönündə apardığı məqsədyönlü siyasətdən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, mədəni və sosial-siyasi həyatda layiqli yer tutması, dünya diplomatiyasına yol tapması, mötəbər məclislərin kürsülərindən eşidilməsi Ulu Öndərin ana dilinin inkişafına göstərdiyi qayğı və diqqətin nəticəsində mümkün olub. Həmçinin xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün varlığı ilə Vətənə bağlı böyük dövlət xadimi Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyi vurğulanıb.
Konfransın açılışında Ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub, Filologiya fakültəsinin tələbələri Cahan Salmanova və Ülviyyə Orucovanın ifasında şeirlər səsləndirilib.
Plenar iclasdan sonra konfrans öz işini üç bölmə iclasında davam etdirib. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucovanın sədrliyi ilə “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi”, Rus dili (təbiət fakültələr üzrə) kafedrasının müdiri professor Mikayıl Cəfərovun sədrliyi ilə “Dilçilik”, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Həqiqət Abdıyevanın sədrliyi ilə “Ədəbiyyatşünaslıq” bölmələrində filologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib.