Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi seminar
BDU-nun Filologiya fakültəsində “Türkoloji araşdırmalar” və “Azərbaycan mühacirət ədəbiyyatı və tərcümə” elmi tədqiqat laboratoriyalarının birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Seminarda laboratoriya əməkdaşları və magistrantlar iştirak ediblər.
“Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyalarının müdiri, filologiya elmləri doktoru Ramiz Əskər “Tarixin nadir şəxsiyyəti” adlı məruzə ilə çıxış edərək, böyük dövlət adamının Azərbaycan elminə və təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb, ədəbiyyat xadimləri və ziyalılarla olan görüşlərindən maraqlı məqamlara toxunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə Heydər Əliyevlə görüşdüyünü diqqətə çatdıran Ramiz Əskər Ulu Öndərin uzaqgörən, zəngin keyfiyyətlərə malik şəxsiyyət olması, onun vaxtilə xaricə təhsil almağa göndərdiyi yüzlərlə gəncin həyatının dəyişməsindəki rolu haqqında ətraflı məlumat verib, Əbədiyaşar Liderlə bağlı xatirələrini bölüşüb.
“Ədəbi əlaqələrin yaradılmasında Heydər Əliyevin rolu” adlı məruzə ilə çıxış edən “Azərbaycan mühacirət ədəbiyyatı və tərcümə” ETL-in müdiri, dosent Nəzakət Hüseynova Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərindən, həmçinin ədəbi əlaqələrin qurulması və formalaşmasında əvəzsiz rolundan bəhs edib. Çıxışda Ümummilli Liderin həyatın bütün sahələrində olduğu kimi, ədəbi mühitdə də öz imzasını qoyması, xalqının milli-mənəvi dəyərlərinə sahib çıxması, onları geniş sferaya çıxarmaqla Azərbaycan mədəniyyətini dünya miqyasında tanıtması uğrunda verdiyi mücadilələri bu dahi şəxsiyyətin ruhən, qəlbən, cismən bu dəyərlərə bağlılığının bariz təsdiqi olduğu qeyd edilib.
Məruzədə ədəbi əlaqələrin yaradılmasında əsas meyar olan bədii tərcümənin keyfiyyət və səviyyəsini yüksəltməyin vacibliyi də vurğulanıb. Bildirilib ki, Azərbaycanda tərcümə işini tənzimləyəcək, dünya ədəbiyyatını Azərbaycanda, milli ədəbiyyatımızı dünyada tanıdacaq dövlət qurumunun yaradılması ideyası Ümummilli Lider Heydər Əliyev tərəfindən hələ 1981-ci ildə Azərbaycan Yazıçılarının VII Qurultayında səsləndirilib. H.Əliyev bu istiqamətdə yazıçıların məsuliyyətini bir daha onlara xatırladaraq, “Yaradıcı tərcümənin bu böyük və nəcib vəzifəsini bizim ən qüvvətli yazıçılarımız şərəflə yerinə yetirməlidirlər” fikrini irəli sürüb. Həmçinin məruzəçi H.Əliyevin bədii tərcümə sahəsində kortəbii axınların qarşısının alınmasının vacibliyi, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə, eyni zamanda klassik və müasir Azərbaycan ədəbiyyatı örnəklərinin xarici dillərə tərcümə edilməsi sahəsində uzunmüddətli fəaliyyət planının olmaması ilə bağlı fikirlərini, həmçinin H.Əliyevin tərcüməçi qüvvələrin pərakəndə fəaliyyət göstərməsindən yaranan narahtlığını dilə gətirməsini və bu istiqamətdə yazıçıların fəaliyyətinə hər vasitə ilə kömək etməklə böyük bədii nailiyyətlər əldə edilə biləcəyi ideyasını dinləyicilərin diqqətinə catdırıb.
Filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramovun moderatorluğu ilə keçirilən seminarda elmi işçilər – Samirə Məmmədova və Pərvin Eyvazov məruzələr ətrafında çıxışlar edib, Ulu Öndərin Azərbaycan ədəbiyyatı və mədəniyyəti sahəsində müstəsna xidmətləri olduğunu qeyd ediblər. Elmi seminar müzakirlərlə yekunlaşıb.