“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”
BDU-nun Filologiya fakültəsinin “Dədə-Qorqud” elmi tədqiqat laboratoriyası və BDU Könüllülərinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi seminar keçirilib. Tədbirdə Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva, “Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov, ADPU ETM-in əməkdaşı, Əməkdar müəllim Zülfiyyə Vəliyeva, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aşıqlar Birliyinin üzvü, “Dədə Qorqud” ETL-nın müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda məruzə edib. O, çıxışında Azərbaycan dövlətçiliyində silinməz izlər qoymuş, milli mənsubiyyəti ilə ömür boyu fəxr etmiş, qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində böyük işlər görülüb. Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin UNESKO səviyyəsində qeyd olunması, 2000-ci ildə İçərişəhərin “Qız qalası” və “Şirvanşahlar Saray Kompleksi” Dünya İrs Siyahısına daxil edilməsi buna bariz nümunədir. Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti boyu gənclərə vətənin, xalqın gələcəyinin onların əllərində olmasını, gələcək Azərbaycanın məsuliyyətinin onların üzərinə düşdüyünü tez-tez xatırladırdı.
ADPU ETM-in əməkdaşı Zülfiyyə Vəliyeva Heydər Əliyevin gənclər siyasətindən bəhs edib: “Azərbaycanın gənc nəsli fəxr edə bilər ki, Heydər Əliyev kimi Ulu Öndəri var. Ondan öyrənməklə, onun nümunəsində Azərbaycanın gələcəyi olan gənc nəsil tərbiyə olunur! Zəka sahibləri olan insanlar İlahi qüdrətin əlamətlərinin əsas daşıyıcılarıdırlar. Xalqımızın gələcəyi olan gənc nəsil öz dühalarını, zəkalı insanlarını tanımaqla, ondan öyrənməklə bir daha dərk edirlər ki, parlaq zəkalar insanların beyinlərini işıqlandırır, onları vəcdə gətirir, güclü xarakter onların qəlbinə cəsarət verir, inamla böyük tarixi qələbələrə aparır. Bu gün gənc nəslin formalaşdırılmasında H.Əliyev nümunəsi vardır!”
“Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov çıxış edərək, Heydər Əliyevin “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyi ilə bağlı verdiyi sərəncamla Bakı Dövlət Universitetində fəaliyyətə başlayan “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının türk dünyasının ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunun genişmiqyaslı tədqiqatlarının nəticəsi olaraq “Dədə Qorqud” mükafatına layiq görüldüyünü vurğulayıb və “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasına “Dədə Qorqud” mükafatı təqdim edib.
BDU Könüllülərinin sədr müavini Rəvan Quliyev ölkəmizdə könüllülər hərəkatından danışıb, bu yöndə BDU Könüllülərinin fəaliyyətinə toxunub.
Elmi seminarda Filologiya fakültəsinin tələbələrindən Röya Hacıbabayevanın “Heydər Əliyevin təhsilə münasibəti və müəllim” adlı məruzəsi dinlənilib, Ayşən Heybətli şeirlər və mahnılar ifa edib, videoçarx nümayiş olunub.