"Heydər Əliyev İli"nə həsr olunmuş mühazirə
BDU-nun Filologiya fakültəsində “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə mühazirə və elmi seminarlar çərçivəsində AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda mühazirə oxuyub.
Fakültə dekanı dosent Elçin Məmmədov giriş nitqi ilə çıxış edərək, ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində apardığı islahatlardan, banisi olduğu azərbaycançılıq ideologiyasından, Azərbaycan dili və ədəbiyyatının inkişafına verdiyi əvəzolunmaz töhfələrdən danışıb, təşkil olunan mühazirənin mövzusunun əhəmiyyətini diqqətə çatdıraraq, fakültənin dəvətini qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib.
Sonra akademik Muxtar İmanovun “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə xalqımızın tarixinə böyük xilaskar kimi həkk olmuş dahi şəxsiyyətin - Heydər Əliyevin ölkəmizin və xalqımızın gələcəyi naminə uzaqgörənliklə atdığı müdrik addımlardan, xalqımızın milli-mənəvi dəyərləri və ədəbi-bədii nümunələrinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin cəmiyyətdəki nüfuzunun artırılması yönündə apardığı məqsədyönlü siyasətdən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, mədəni və sosial-siyasi həyatda layiqli yer tutması, dünya diplomatiyasına yol tapması, mötəbər məclislərin kürsülərindən eşidilməsi Ulu Öndərin ana dilinin inkişafına göstərdiyi qayğı və diqqətin nəticəsində mümkün olub. Heydər Əliyevin görkəmli ədəbiyyat və elm xadimləri ilə görüşlərinə toxunan məruzəçi həmin tədbirlər zamanı dahi siyasətçinin Azərbaycan ziyalılarına müraciətlərində ana dilimizin, ədəbi irsimizin, mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və təbliği ilə bağlı verdiyi tapşırıqların və tövsiyələrin dövlətçiliyimizin və ideoloji düşüncənin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çıxışda həmçinin xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün varlığı ilə Vətənə bağlı böyük dövlət xadimi Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyi qeyd olunub.
Azərbaycanda Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasında, xalqımız üçün əziz və müqəddəs sayılan bu bayramın ənənələrinin yaşadılmasında və beynəlxalq miqyasda tanıdılmasında Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edən natiq müasir dövrdə Novruzla bağlı dəyərlərin təqdimi və təbliği istiqamətində atılan addımlardan danışıb, həmin ənənələrin arxasında milli-mədəni və tarixi əhəmiyyət daşıyan faktorların dayandığını diqqətə çatdırıb.
Sonra akademik M.İmanov iştirakçıların suallarını cavablandırıb.