“Heydər Əliyev və ədəbi-bədii irsimiz" adlı seminar
BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” ETL-də “Heydər Əliyev və ədəbi-bədii irsimiz (“Kitabi-Dədə Qorqud” dastanı)” adlı elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə açan “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva mövzu haqqında ətraflı məlumat verərək qeyd edib ki, bu, 2023-cü ilin ikinci elmi seminarıdır. Məlum olduğu kimi, elmi seminarlar artıq ikinci ildir ki, davamlı olaraq keçirilir. Bu günə qədər yeddi elmi seminarımız keçirilib. Bugünkü elmi seminarın mövzusu “Heydər Əliyev və ədəbi-bədii irsimiz (“Kitabi-Dədə Qorqud” dastanı)” adlanır.
A.Nəbiyeva bildirib ki, Ulu Öndərimizin bədii ədəbiyyat və folklor haqqında dərin mülahizələri, onun fitri istedadından və milli-mənəvi dəyərlərimizə olan tükənməz məhəbbətindən irəli gəlirdi. Məhz bunun nəticəsidir ki, H.Əliyevin folklorumuzun tədqiqi və təbliği yolunda atdığı addımlar bu sahənin inkişaf dinamikasını istiqamətləndirib. Məhz Ulu öndərimizin müstəsna diqqət və qayğısı nəticəsində şifahi xalq ədəbiyyatımızın özəyini təşkil edən “Kitabi-Dədə Qorqud” dastanına layiqli dəyər verilməyə başlanılıb. Məlum olduğu kimi, ötən əsrin 40-50-ci illərində “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi və təbliği qadağan edilib. Ulu öndərimizin “Kitabi-Dədə Qorqud” ensiklopediyasına yazdığı “Ön söz”dən də məlum olur ki, o dövrdə iclas, qurultay və konfranslarda “Dədə Qorqud” tənqid olunub, xalq dastanına qadağa damğası vurulub. “Kitabi-Dədə Qorqud” eposunun ədəbi-bədii fikir dövriyyəsinə daxil olunmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir. Tədqiqatçıların doğru olaraq qeyd etdiyi kimi, Ulu Öndərimiz hakimiyyətə yenidən qayıtdıqdan sonra “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin beynəlxalq səviyyədə keçirilməsi barədə 20 aprel 1997-ci ildə fərman imzaladı. Dövlət səviyyəsində tədbirlər planı, konfranslar simpozyumların keçirilməsi nəzərdə tutuldu. Bu təsadüfi qərar deyildi. Çünki bu, Ulu Öndərin dərin siyasətinin, uzaqgörənliyinin göstəricisi idi. Ədəbi bədii irs bir xalqın keçmişini əks etdirməklə bərabər, gələcəyini də müəyyənləşdirməkdə xüsusi əhəmiyyətə malikdir. H.Əliyevin sərəncamından sonra çox sayda kitablar nəşr olundu. İki cildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyası hazırlandı. Dövlət başçısı bu möhtəşəm abidəyə dərin məzmunlu, əhatəli “Ön söz” yazdı: “Dünya qorqudşünaslığı “Kitabi-Dədə Qorqud”un istər etnik, mənşə, istər tarixi-coğrafi ərazi, istərsə də dil və məfkurə baxımından Azərbaycan xalqına mənsub olması fikrini qəti şəkildə təsdiq edir. “Kitabi-Dədə Qorqud”un Azərbaycan tarixi üçün ən böyük, ən əsas və ən birinci xidməti bundan ibarətdir... Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla fəxr edə bilər... Həqiqətən də, “Kitabi-Dədə Qorqud” dastanı kimi böyük elm, mədəniyyət, ədəbiyyat abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilər... “Kitabi-Dədə Qorqud” elə bir qüdrətə malikdir ki, özündən sonra gələn söz sənətimiz, ozan-aşıq sənətimiz, yazılı ədəbiyyatımız onun təsirindən kənarda qala bilməmişdir. Ensiklopediya da “Kitabi-Dədə Qorqud”un bu təsir gücünü əyani şəkildə nümayiş etdirir”.