“Həyatı anladan metafora” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında “Həyatı anladan metafora” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və fakültə əməkdaşları iştirak ediblər.
Məruzəçi, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva bədii metafora və konseptual metafora anlayışlarının mahiyyəti, fərqi və funksional dinamikası haqqında ətraflı məlumat verib. Məruzədə konseptual metaforaların kodlaşdırma xüsusiyyətindən danışılarkən Azərbaycan divan ədəbiyyatı nümunələrində sirli qalan konseptual metaforaların konkret nümunələr üzrə batini mənaları açılıb və şərh olunub. Məruzəçinin gəldiyi qənaət belə olub: “Bir sıra konseptlərin, o cümlədən metafiziki hadisələrin dərk olunmasında metaforalar aparıcı mövqedə durur. Dünyanı və insanı dərkə yönlənmiş təsəvvüf və onun poetik formada ifadəsi mücərrədliyə çox yaxınlaşdıqca metaforaların aktuallığı artır. Poeziyada, ədəbiyyatda və fəlsəfədə metafora vasitəsilə yeni məna ənginlikləri açılır. Metaforaların koqnitiv semantikasını səthi şərhetmədə dərk etmək mümkün deyil. Ona görə də onları hərfi mənada şərh etməyə başlayan andan mübahisələr yaranmağa başlayır”. Dosent Rəhilə Quliyeva, dosent Rəna Mahmudova, dosent Şəlalə Abdullayeva və digər iştirakçılar məruzəçiyə suallar ünvanlayıb, mövzu ilə bağlı fikirlərini səsləndiriblər, maraqlı və dərin mahiyyətli çıxışa görə məruzəçiyə minnətdarlıqlarını bildiriblər.