“Günümüzdə Karaim türkləri” adlı elmi seminar
BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyəti nəzdində Türkoloji dərnəyin təşkilatçılığı ilə “Günümüzdə Karaim türkləri” mövzusunda elmi seminar keçirilib. Tədbirdə Türkologiya kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Türkologiya kafedrasının doktorantı, Türkoloji dərnəyin sədri Məleykə Mirzəli elmi seminarın mövzusu və məruzəçi haqqında məlumat verib, təhlükədəki türk dilləri ilə bağlı fikirlərini bölüşüb.
Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov türkologiyanın aktual mövzusu kimi karaimlər haqqında aparılan araşdırmaların əhəmiyyətindən, seminarın mövzusunun aktuallığından danışıb, məruzəçiyə uğurlar arzulayıb.
Sonra Filologiya fakültəsinin tələbəsi, TEC-in fəal üzvü Zəhra Həsənova (Elmi rəhbər: dosent Afaq Məmmədova) Karaim türklərinin tarixi, mənşəyi, mədəniyyəti, dini haqqında ümumi məlumat verib, karaim və Azərbaycan dilləri ilə bağlı müqayisəli məqamları diqqətə çatdırıb, onların ədəbi örnəkləri, eləcə də musiqi nümunələri ilə auditoriyanı yaxından tanış edib.
Sonda Türkologiya kafedrasınım əməkdaşları - dosent Afaq Məmmədova və müəllim Qənbər Xanməmmədov məruzə ilə bağlı fikirlərini bölüşüb, tələbələrin türkologiyaya göstərdikləri marağı yüksək qiymətləndiriblər.
Seminar mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.