“Güneydən gələn səs” adlı ədəbi-bədii tədbir keçirilib
BDU-nun Filologiya fakültəsində “Novruz mühazirələri” çərçivəsində Cənubi Azərbaycanda milli ədəbiyyat, xalq yaradıcılığı və adətlərinə həsr olunmuş “Güneydən gələn səs” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və Cənubi Azərbaycandan olan tanınmış musiqiçi Aşıq Çingiz Mehdipur iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu Cənubi Azərbaycanda milli istiqlal və azadlıq ideyalarının formalaşmasına ədəbiyyatın təsirindən, Güneydəki adət-ənənələrimizin, milli irsimizin qorunub-saxlanmasında mühüm rolu olmuş mütərəqqi düşüncəli ziyalıların fəaliyyətindən, o cümlədən aşıq yaradıcılığının inkişaf meyillərindən söz açıb.
Aşıq Çingiz Mehdipurun aşıq sənətinin tanıdılması sahəsində gördüyü işlərlə bağlı məlumat verən M.Osmanoğlu bildirib ki, adı Azərbaycan musiqisevərlərinə yaxşı tanış olan Təbrizin “Dalğa” qrupu milli musiqi sənətininin və saz ifaçılığının yeni zirvəyə qalxmasında və dünyada təbliğ olunmasında böyük rol oynamışdır. Əslində, bu qrupun fəaliyyətinin təməlində sadəcə yaxşı ifa və maraqlı ideyalar deyil, həm də ciddi nəzəri biliklər və elmi yanaşmalar dayanır. Bu böyük işin memarı Azərbaycan musiqisinin həm praktik, həm də nəzəri səviyyəsinin inkişafına mühüm töhfələr vermiş ustad Aşıq Çingiz Mehdipurdur.
Sonra söz qonağa verilib. Çingiz Mehdipur Cənubi Azərbaycandakı aşıq məktəbləri, eləcə də aşıq yaradıcılığının mövcud vəziyyəti, doğulub boya-başa çatdığı mühitin onun yetişməsində rolu barədə danışıb. Qeyd edib ki, indi aşıq sənətimizin tanıdılması və yaşadılması üçün dünya səviyyəsində tədbirlər keçirməklə yanaşı, Azərbaycanda da həm təbliğat, həm də elmi araşdırmalar istiqamətində ciddi və ardıcıl işlər görməyə ehtiyac duyulur. O, Azərbaycanın həm Cənubunda, həm də Şimalında aşıq sənəti nümunələrinin toplanması, əldə edilən materialların nota alınması və elmi təhlili məsələlərini əhatə edən geniş tutumlu layihə üzərində işlədiyini vurğulayıb və həmin layihə çərçivəsində görülən işlər barəsində məlumat verib.
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov diqqəti tədbirin əhəmiyyətinə yönəldərək, Cənubi Azərbaycanda Novruz bayramı adətləri haqqında geniş söz açıb.
Tədbirdə Aşıq Çingiz Mehdipur sazda xalq mahnılarından və aşıq havalarından ibarət musiqi əsərlərini ifa edib, tələbələr Cənub mövzusunda şeirlər səsləndiriblər.