“Güney Azərbaycan şairi Həkim Tilimxanın leksikası” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasında “Güney Azərbaycan şairi Həkim Tilimxanın leksikası” adlı elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti, magistrant və doktorantları iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən Türkologiya kafedrasının dosenti Firəngiz Kərimli ilk olaraq şairin həyatı haqqında məlumat verib, daha sonra ədibin yaradıcılıq özəlliklərindən bəhs edib.
Məruzəçi qeyd edib ki, şair Marağanın Savə məntəqəsi adlanan ərazidə 1763-1831-ci illərdə yaşayıb. Onun əsərləri Savə, Ərak, Qum, Həmədan, Qəzvin, Zəncan və digər bölgələrdə dildən-dilə dolaşıb. Lakin bu şeirlər yazıya alınmadığından şairin həyat və yaradıcılığı kifayət qədər tanınmayıb. Bununla belə, qədirşünas şəxslər tərəfindən onun əsərləri toplanıb nəşr edilib. Onun dilində əsasən, türkmənşəli sözlər işləkdir, amma bununla yanaşı, ərəb, fars sözləri də dini mövzulu əsərlərində aparıcıdır.
Sonda kafedra müdiri, professor Məhərrəm Məmmədov, dosentlər - Afaq Məmmədova, Səbinə Ağayeva, Gülgün Əliyeva, doktorant Məleykə Mirzəli və digər iştirakçılar məruzəçiyə suallar ünvanlayıb, mövzu ilə bağlı fikirlərini səsləndirib, ilk dəfə əhatəli şəkildə elmi araşdırmaya cəlb edilmiş bu mövzunun əhəmiyyətinə görə məruzəçiyə minnətdarlıqlarını bildiriblər.