Görkəmli dilçi alim, professor Yusif Seyidovun 95 illiyi qeyd olunub
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında görkəmli dilçi alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Yusif Seyidovun anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Filologiya fakültəsinin professor-müəllim heyəti və mərhum alimin ailə üzvləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva görkəmli dilçinin gələcək nəsillərə örnək ömür yolu və yaradıcılıq istiqamətləri haqqında məlumat verib. O, Yusif Seyidovun Azərbaycan dilçiliyinin aktual problemləri ilə yanaşı, ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində yazdığı əsərlərinin də dəyərli elmi araşdırmalar olduğunu vurğulayıb, çoxşaxəli yaradıcılığı ilə Azərbaycanda filoloji düşüncənin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdrıb. Bildirib ki, alimin ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində yazdığı əsərlərdə həm də onun fəlsəfi dünyagörüşü, estetik baxışları ifadə olunub.
Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Yusif Seyidovun Azərbaycan dilinin qrammatika problemlərinin araşdırılmasında, dilimizin saflığının qorunmasında qələmə aldığı əsərlərin nəinki Azərbaycan, ümumən türkoloji dilçiliyin önəmli mənbələrindən biri olduğunu vurğulayıb, ana dilimizin ali və orta məktəblərdə tədris olunmasında və kafedranın yaradılmasında mühüm xidmətlərindən söz açıb.
Sonra Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosentləri Rəhilə Quliyeva, Rəna Mahmudova və Şəlalə Abdullayeva, həmçinin mərhumun ailə üzvləri çıxış edərək, böyük ziyalının şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından, Azərbaycan dilinin tədrisi sahəsindəki müstəsna xidmətlərindən, kafedra müdiri kimi 50 illik fəaliyyətindən, alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıb, onunla bağlı xoş xatirələrini bölüşüblər.