GÖRKƏMLİ ALİM VƏ MÜƏLLİM - ƏDİBƏ PAŞAYEVA
Azərbaycan daim özünün dünya şöhrətli alimləri ilə fərqlənib, Vətənimizin başını hər yerdə uca edən, ona şan-şöhrət gətirən ləyaqətli övladları ilə fəxr edib. Onların sırasında görkəmli filoloq-ədəbiyyatşünas, bacarıqlı təhsil təşkilatçısı, fəal ictimai xadim olan professor Ədibə xanım Paşayevanın özünəməxsus yeri var.
Ədibə Paşayeva görkəmli ədəbiyyatşünas-alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açıb. Mir Cəlal ədəbiyyat tariximizin böyük ədəbi siması, Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında əvəzedilməz xidmətlər göstərmiş bir alim olmaqla yanaşı, yüksək mənəvi-əxlaqi dəyərlər daşıyıcısı olan bir şəxsiyyət kimi tarixdə qalıb. Ədibə xanım Paşayeva bu ocağın ənənələrinin ləyaqətli davamçılarındandır.
Ədibə Paşayeva 18 iyul 1943-cü ildə Bakı şəhərində anadan olub. 1960-1965-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Ədibə xanım ali təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə elə doğma Universitetimizdə başlayıb. Rus ədəbiyyatı kafedrasının müəllimi, baş müəllimi, Xarici tələbələr üçün rus dili kafedrasının müdiri işləyib.
2004-2019-cu illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olub. Linqvodidaktika, rus ədəbiyyatı tarixini tədqiq edən Ədibə Paşayeva bir çox kitab və dərsliklərin müəllifidir. Görkəmli alim 2019-cu ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışır.
Ədibə xanım Azərbaycan elmi və təhsilindəki yüksək xidmətlərinə görə “Tərəqqi” medalına, “Qabaqcıl təhsil isçisi”, “Əməkdar müəllim” fəxri adlarına layiq görülüb. Görkəmli alim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Həyatını Bakı Dövlət Universiteti ilə bağlayan Ədibə xanım daim elmi axtarışlarda olub. Onun “Rus dili” (Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin xarici tələbələri üçün dərs vəsaiti), “Rus dili dialoqlarda” (dərs vəsaiti), “Rus dili monoloqlarda” (dərs vəsaiti), “Rus dili” (humanitar fakültələrdə oxuyan tələbələr üçün dərs vəsaiti) və digər əsərləri Azərbaycanda rus dili tədrisinin müasir səviyyədə təşkili sahəsində müstəsna rol oynayıb.
Həyatını elmə və təhsilə bağlamış Ədibə xanımı elmi ictimaiyyət gözəl alim, novator pedaqoq, qayğıkeş və nəcib insan kimi tanıyır. Onun yaradıcılığı, fəaliyyəti Azərbaycan gəncliyi üçün örnəkdir.
Görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq, BDU-nun sevimli və unudulmaz müəllimi, nüfuzlu professoru Mir Cəlal Paşayevin dillər əzbəri olan məşhur kəlamlarından biri də budur: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”. Ədibə Paşayeva bu dəyərli ailənin yadigarı, xalqımızın və BDU-nun sevimli alimi, müəllimidir.
Görkəmli alimimizi 80 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, yeni elmi nailiyyətlər arzulayırıq!