Müasir ədəbi əsərlərin dilinə həsr olunmuş elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi tədqiqat laboratoriyasında “Müasir gənc yazıçıların əsərlərində dil və üslub problemi” mövzusunda elmi seminar keçirilib. Seminarda Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova, dosent Fikrət Şiriyev, Ümumi dilçilik kafedrasının müəllimi Qismət Cəfərov, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in elmi işçisi Məhin Quliyeva, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi Aygün Zəkiyeva və Azərbaycan dilinin tətbiqi məsələləri” elmi tədqiqat laboratoriyasının əməkdaşları iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən laboratoriyanın kiçik elmi işçisi İlhamə Şirbala qızı Hacıyeva bəzi müasir gənc yazıçıların əsərlərində bədii üslubun normasına riayət etmədiklərini, obrazın nitqində verilməli olan cümlə və ifadələri müəlliflərin nitqlərində istifadə edildiyini, ədəbi dil normalarının kobud şəkildə pozulduğunu diqqətə çatdırıb. Məruzəçinin çıxışında həmçinin ədəbi əsərlərdə (epik növdə) sintaktik əlaqlər və cümlə üzvlərinin ardıcıllığının pozulması, təsirsiz feillərin yerində təsirli feillərin işlənməsi, müəllif nitqində dialektlərdən istifadə, bəzi sözlərin yazılışında orfoqrafik normaların pozulması və s. məsələlər barəsində məlumat verilib, bütün qeydlər konkret faktlarla əsaslandırılıb. Eyni zamanda qeyd olunub ki, müasir gənc yazıçılar Azərbaycan ədəbi dili normalarına əməl etməli, çap edilən bədii əsərlərdə redaktə və korrektura işinə diqqət yetirilməlidirlər.