Gənc yazar və alim tələbələrə yaradıcı yazarlıq mövzusunda təlim keçib
BDU-nun Filologiya fakültəsində gənc yazar və ədəbiyyatşünas alim, BDU-nun məzunu Ramil Əhməd tələbələrə “Yazının pedaqogikası: yaradıcı yazarlıq öyrədilə bilərmi?” mövzusunda təlim keçib.
Tədbiri giriş sözü ilə açan sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Dr. Anar Fərəcov Ramil Əhmədin təhsili və ədəbi yaradıcılığı haqqında məlumat verib, BDU-nun Filologiya fakültəsində təhsil aldığı illərdə nümunəvi tələbə olmasından, magistratura və doktorantura təhsilini Türkiyədə uğurla başa vurduqdan sonra, alim və yazar kimi məhsuldar fəaliyyətindən söz açıb, gənc ziyalı kimi ədəbi hadisələrdə aktiv iştirak etdiyini vurğulayıb.
Sonra söz qonağa verilib. Ramil Əhməd öncə ədəbi yaradıcılığa yeni başlayan tələbələr üçün belə təlimlərin təşkilinə və dəvətə görə fakültə rəhbərliyinə təşəkkürünü bildirib. O, yaradıcı yazarlığın metod və üsulları, ədəbi yazının metodikası və ədəbi fəaliyyətlə məşğul olmağın özəllikləri haqqında ətraflı məlumat verib, auditoriyanı maraqlandıran sualları cavablandırıb. Təlimlə bağlı təəssüratlarını sosial şəbəkə hesabında bölüşən R.Əhməd tədbirin keçirilməsini yüksək qiymətləndirərək bunları ifadə edib: “Məzunu olduğum Bakı Dövlət Universitetində Yaradıcı Yazarlıq təlimi keçdim. Uzun müddətdən sonra BDU-da olmaq nostalji hisslər yaratdı. Tələbəlik illərinin acılı-şirinli xatirələri aradan 10 il keçməsinə rəğmən sanki dünənmiş kimi gözümün önündə canlandı. Yetişməyimizdə əməyi olan, indi haqq dərgahında olan müəllimlərimizi – Tofiq Hacıyevi, Yusif Seyidovu, Yaşar Məmmədlini, Arif Əmrahoğlunu minnətdarlıqla xatırladım. Hələ də pedaqoji fəalliyyətinə davam edən Təhsin Mütəllimov, Əbülfəz Rəcəbli, Qızılgül Abdullayeva, Məhərrəm Məmmədli və digər müəllimlərimə bir daha hər şey üçün təşəkkür etdim. Seminarın təşkil olunmasına və ən əsası bu xoş duyğulara və keçmişə səyahət etmək imkanı yaratdığına görə Filologiya fakültəsinin dekanlığına təşəkkür edirəm”.