Gənc müəllimin “Müasir erməni dilinin morfologiyası” adlı tədris vəsaiti işıq üzü görüb
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müəllimi, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi Türkan Baladayı qızı Əzizzadənin “Müasir erməni dilinin morfologiyası” adlı tədris vəsaiti işıq üzü görüb.
Kitabda morfologiya bölməsinə sistematik yanaşılıb, əsas və köməkçi nitq hissələri ayrı-ayrılıqda ətraflı izah edilib. Tədris vəsaitində Azərbaycan və erməni dilləri arasında bəzi müqayisəli təhlillər aparılıb, qrabar və aşxarabar arasında olan morfoloji fərqlərə toxunulub. Kitab əsas bölmələr olan isim, sifət, say, əvəzlik, feil, zərf, qoşma, bağlayıcı, modal sözlər, nida və bu bölmələrin alt başlıqlarından ibarətdir. Nitq hissələrinin morfoloji quruluşu dərindən araşdırılıb. Hər bir mövzu izahından sonra həmin mövzuya uyğun nümunələr öz əksini tapıb. Tədris vəsaitinin sonunda Azərbaycan, erməni, rus və ingilis dillərində geniş ədəbiyyat siyahısı verilib.
Qeyd edək ki, erməni dilinin öyrənilməsi ilə məşğul olan gənc tədqiqatçının bu, sayca ikinci kitabıdır. 2021-ci ildə “Erməni dilində isim” adlı kitabı çap olunmuş müəllif bu istiqamətdə bir sıra məqalələr də nəşr etdirib.