“Folklorda konfliktin mənəvi aspektləri" adlı elmi seminar
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Folklorda konfliktin mənəvi aspektləri (“Kitabi-Dədə Qorqud” dastanı əsasında)” adlı seminar keçirilib. Seminarı giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova elmi seminarın mövzusunun aktuallığından bəhs edərək folkorun onu yaradan xalqın, etnosun dünyagörüşünü, gerçəkliyi qavrama və ifadə etmə spesifikasını, fərd və qrupların maraqlarını ehtiva edən dinamik və praqmatik sistem olduğunu qeyd edib: “Folklorda, konflikt antaqonist tərəflərin qarşıdurmasıdır. Mövzunun xalq dastanımız olan “Kitabi-Dədə Qorqud” dastanı əsasında araşdırılması məqsədəuyğundur”. Kafedranın dosenti Kəmalə İslamzadə folklorda konflikt məsələsindən geniş şəkildə bəhs edib: “Çox zaman elan edilən mənəvi normalarla gerçəklik arasında ziddiyyətin olduğu aşkardır. Hətta bəzən reallıqda həmin normalara yer olmadığını görürük. Dəqiq mənəvi hədəflərin qoyulmasındakı boşluqlar, təhsildə və ailədə folklorun təbliği yolu ilə, həmçinin digər pedaqoji vasitələrlə mənəvi tərbiyənin lazımi səviyyədə aparılmaması nəticədə ümumiyyətlə cəmiyyətin vəziyyətini müəyyənləşdirmiş, deqradasiya proseslərinə rəvac vermişdir. Folklor nümunələrindəki qarşıdurmalar «konflikt» terminindən başqa, bir də ilk dəfə Hegel tərəfindən nəzəri xarakteristikası verilmiş «kolliziya istilahı» ilə işarələnir. Yəni əsərdə bir deyil, bir neçə zidd tərəf mövcud ola bilər. Kolliziya – əsərin tarixi miqyası baxımından qlobal xarakterli təməl ziddiyyətidir ki, onun fonunu təşkil edir (məsələn, «Kitabi-Dədə Qorqud»da müsəlman Oğuzlarla kafir qıpçaq türkləri və qeyri-türk gürcü, abxaz tayfaları arasındakı qarşıdurmalar: «Koroğlu» dastanında əzilən, istismar olunan aşağı təbəqə ilə yuxarı silkin nümayəndələri xotkar, xanlar, varlı tacirlər arasındakı antaqonizm və s.). Digər kiçik qarşıdurmalar bu böyük, daha çox insanı içinə alan ziddiyyətin fonunda cərəyan edir (məsələn, Qazan xanla dayısı Aruz və onları təmsil edən İç Oğuzla Daş Oğuz arasındakı konflikt; Qazan xanla oğlu Uruz, yaxud Bəkil arasındakı anlaşılmazlıq; Selcan xatun – Qanturalı gərginliyi; 40 namərdlə Dirsə xan arasındakı konflikt; Təpəgözlə Oğuz eli düşmənliyi və s.). Bu konfliktlərin xarakteri, tərəflərinin say nisbəti, şiddəti ilə bağlı da fikir yürütmək mümkündür”. Sonda məruzəçiyə suallar ünvanlanıb. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosent-professor heyəti çıxışla bağlı təəssüratlarını bölüşüblər.