“Fin türkologiyası” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Türkologiya kafedrası nəzdində “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasında “Fin türkologiyası” mövzusunda elmi seminar keçirilib. Tədbirdə Türkologiya kafedrasının dosenti İslam Vəliyev, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru Sevinc Abdullayeva (Abasova) və Aygün Zəkiyeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının əməkdaşı Vələddin Hacıyev və fakültənin magistrantları iştirak ediblər.
Seminarı giriş sözü ilə açan laboratoriyanın elmi işçisi Pərvin Eyvazov türkologiyanın inkişafında Avropadakı əsas türkoloji mərkəzlərin, o cümlədən fin türkoloqlarının fəaliyyətinin önəmli rol oynadığını vurğulayıb, məruzənin mövzusunun əhəmiyyətindən söz açıb. Bildirib ki, M.Kastren, Q.İ.Ramstedt, M.Rəsənen, O.Donner və başqa fin türkoloqlarının qədim türk yazılı abidələri və altayşünaslıqla bağlı araşdırmaları öz elmi dəyəri ilə seçilir və bu tədqiqatlar türkoloji dilçilikdə önəmli mənbə sayılır.
Mövzu ilə bağlı məruzə edən laboratoriyanın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov fin türkologiyasının tarixi haqqında ətraflı məlumat verərək, Finlandiyada türkoloji tədqiqatlara marağın yaranma səbəblərini diqqətə çatdırıb. Qeyd edib ki, tarixən türk və fin xalqları arasında müxtəlif istiqamətli əlaqələr mövcud olub. Belə yaxın əlaqələr fin xalqının öz kökünü, tarixini, mədəniyyətini araşdırarkən türk xalqlarının da tarixinə nəzər yetirmək kimi zərurəti ortaya çıxarıb. Nəticədə fin alimlərinin türk dünyasına diqqəti artıb, sonradan burada türkologiya peşəkar bir elmi fəaliyyət sahəsinə çevrilib.
Məruzəçi bildirib ki, M.Kastren, Q.İ.Ramstedt, M.Rəsənen kimi fin alimləri öz tədqiqatları ilə türkologiyaya mühüm töhfələr veriblər. M.Kastrenin türkologiyada ən önəmli xidməti “Altay dilləri nəzəriyyəsi”ni yaratması olub. M.Kastren Ural-Altay dilləri qrupunu başlıca beş sahəyə ayırmağı düzgün hesab edib (fin-uqor, samoyet, türk-tatar, monqol, tunqus və şivələri) və bu dil ailəsinə Altay adını verib. Q.Ramstedt Ural-Altay nəzəriyyəsinə qarşı çıxıb, yalnız altay dillərinin qohumluğunu qəbul edərək buraya koreya və yapon dillərini də aid edib. Həmçinin o, türk dillərinin təsnifini aparıb, onları çuvaş dili, yakut dili, Qərb qrupu, Şərq qrupu və Cənub qrupu olmaqla beş qrupa ayırıb. M.Rəsənen türk dillərinin fonologiya və morfologiyası haqqında önəmli əsərlər qələmə alıb. M.Rəsənenin türkologiyada daha çox diqqətçəkən araşdırması 1969-cu ildə nəşr olunan “Türk dillərinin etimoloji lüğəti” kitabıdır. M.Rəsənenin “Ural-Altay leksikasına aid tədqiqatlar”, “Türk dillərinin tarixi fonetikasına dair materiallar” adlı tədqiqat əsərləri xüsusi diqqət çəkir.
Məruzəçi Finlandiyada tarixən mövcud olan və fəaliyyətləri ilə diqqət çəkən “Fin-Uqor Cəmiyyəti” və “Fin Arxeoloji Cəmiyyəti” adlı elmi təşkilatlar, onların türkologiya sahəsində həyata keçirdiyi işlər barəsində də məlumat verib.
Sonra mövzu ilə bağlı çıxışlar edilib. Dosent İslam Vəliyev, fil.f.dok. Sevinc Abdullayeva, seminarın moderatoru Pərvin Eyvazov və magistrantlar çıxış edərək mövzunun aktuallığından danışıb, Avropada türkoloji dilçiliyə dair aparılan araşdırmaların ölkəmizdə təbliği və tədqiqi işinin zəruri olduğunu bildirərək məruzəçinin çıxışını yüksək qiymətləndiriblər.
Seminar müzakirələrlə yekunlaşıb.