Filologiya fakültəsinin tələbəsi “Heydər Əliyev və Azərbaycan dili” adlı natiqlik turnirində ilk mərhələnin qalibi olub
ASAN Könüllülük Məktəbi və “Diksiya Akademiyası” MMC-nin əməkdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin 98-ci doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” adlı natiqlik turniri təşkil olunub. Layihə gənclərin ana dilində mədəni nitq səviyyələrinin artırılması, natiqlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə keçirilib. Çoxsaylı gəncin qatıldığı turnirin ilk mərhələsində iştirakçılar Heydər Əliyevin dil siyasəti ilə bağlı çıxışlarını olduğu kimi səsləndirib təşkilat komitəsinə göndəriblər. Turnirdə BDU-nu təmsil edən Filologiya fakültəsinin II kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Fidan Hüseynova birinci mərhələni uğurla keçərək növbəti mərhələyə vəsiqə qazanıb. Qeyd edək ki, üç mərhələdən ibarət olan turnirin bu mərhələsində uğur qazanmış 15 gəncə təlimlər keçiriləcək və müvafiq tapşırıqlar veriləcək. Finalda qalib gələn iştirakçılar müxtəlif hədiyyə və diplomlarla mükafatlandırılacaqlar.
Tələbəmizi ürəkdən təbrik edir, növbəti mərhələlərdə uğurlar arzulayırıq.