Filologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib
BDU-nun Filologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbirin moderatoru, I kurs tələbəsi Rəhiməxanım Əlipənahovanın giriş sözündən sonra ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov erməni vandalizminin tarixindən, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən, xüsusilə Xocalı soyqırımından danışıb, Vətən müharibəsi dövründə Azərbaycan gənclərinin, o cümlədən fakültə tələbələrinin aktiv fəaliyyətindən bəhs edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qazandığı parlaq qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
BDU-nun “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov bu qanlı cinayət aktının baş verdiyi dövrün ictimai-siyasi proseslərindən, azərbaycanlılara qarşı törədilən soyqırımların, o cümlədən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb, gəncləri milli məsələlərdə həsas olmağa, real və qərəzsiz faktlara söykənərək ictimai aktivlik göstərməyə çağırıb.
Tədbirdə fakültə üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Sezər Məmmədlinin, tələbələrdən Türkan Hüseynova, Fidan Məmmədquliyeva, Aytən İsmiyeva və başqalarının Xocalı soyqırımının acı həqiqətləri ilə bağlı çıxışları dinlənilib, I kurs tələbələri Sevinc Əliyeva, Sara Rüstəmova və Ofeliya Xancanovanın təqdimatında Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.