Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı növbəti kitab müzakirəsi keçirib
Fevralın 18-də BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatı nəzdində “Kitab” klubu növbəti bədii əsərin müzakirəsini keçirib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan fakültənin III kurs tələbəsi, klubun təmsilçisi Aytac Hüseynli Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsəri haqqında ətraflı məlumat verib.
Sonra əsərlə tanış olmuş klub üzvləri romanın ideya-məzmunu və bədii təhlili ətrafında fikir mübadiləsi aparıb, süjet xətti və obrazlar aləmi ilə bağlı çıxışlar ediblər.
Müzakirələrdə aktiv iştirak edən tələbələr: Ləman Cəfərzadə, Günel Əliyeva, Telli İmanova, Rəhiməxanım Əlipənahova, Leyla Əliyeva, Amal Vəlizadə və başqaları roman haqqında fikirlərini bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Sonda fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyev çıxış edərək, əsər haqqında bəzi məsələləri diqqətə çatdırıb, aktiv tələbələrə təşəkkürünü bildirib.