Filologiya fakültəsinin professoru təlim keçib
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birgə mətbuat xidmətinin işçiləri və tabe prokurorluqlarda KİV-lə əlaqələrə məsul şəxslər üçün “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda qarışıq (əyani və distant) formada təlim keçirilib.
Təlimlərin təşkil edilməsində məqsəd müvafiq sahədə fəaliyyət göstərən prokurorluq işçilərinin peşə biliklərinin artırılması və sosial media ilə peşəkar davranışın müasir tələblərə uyğunlaşdırılmasıdır.
Tədbirə təlimçi qismində Baş Prokurorluğun işçiləri ilə yanaşı, Medianın İnkişafı Agentliyi, Ədliyyə Akademiyasının əməkdaşları, Bakı Dövlət Universitetinin Jurnalistika və Filologiya fakültələrinin müəllim heyəti cəlb edilib.
Təlimdə iştirak edən Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyeva “Naiqlik qabiliyyətinin artırılması üçün nitq texnikası, vasitələri və priyomları” mövzusunda çıxış edərək nitq texnikasının mahiyyəti, tələffüz normalarına əməl edilməsi zamanı nəfəsin, natiqin səsinin qüvvəsinin auditoriya üçün çox böyük əhəmiyyətə malik olması, o cümlədən səsin ahəngdarlığı kimi məsələlərə toxunub. Burada danışıq texnikasının nitqin sürətliliyi, fasilələrin uzunluğu və intervalları kimi göstəricilərlə səciyyələnməsi də vurğulanıb. Təbii ki, nitqin sürəti olduqca müxtəlifdir və bu, natiqin özünün xüsusiyyətlərindən və nitqinin məzmununun xarakterindən asılıdır.
Təlim iştirakçılarının diqqətinə intonasiya və diksiya üzərində işin də çox əhəmiyyətli mövqe kəsb etməsi çatdırılıb. İ.Hacıyeva çıxışında natiqlərin səliqəsiz, anlaşıqsız, dişlərini aralamadan, səsləri düzgün artikulyasiya etmədən danışması və nəticədə auditoriyanın çıxışa olan marağını itirmək qorxusundan bəhs edib. Həmçinin natiqin xarici görünüşü, duruşu, jesti və mimikasının idarə olunması, onların danışıqda vəhdət təşkil etməsi kimi məsələlərə aydınlıq gətirib.
İnteraktiv şəraitdə keçən təlimdə professor İlhamə Hacıyeva iştirakçıların suallarını cavablandırıb.