Filologiya fakültəsinin müəllim və tələbələri “Bəkir Çobanzadə və müasir türk dünyası” mövzusunda tələbə elmi konfransında iştirak ediblər
Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində SABAH qruplarının təşkilatçılığı ilə görkəmli türkoloq alim, şair və ictimai xadim, professor Bəkir Çobanzadənin 130 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və müasir türk dünyası” mövzusunda tələbə elmi konfransı keçirilib. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən ümumilikdə 78 nəfər tələbənin qatıldığı konfransda Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə BDU-nun Filologiya fakültəsinin 20 tələbəsi B.Çobanzadənin irsinə, o cümlədən türkologiyanın aktual problemlərinə həsr olunmuş müxtəlif məruzələrlə çıxış edib.
Konfransın plenar iclasında BDU-nun Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi və konfransın təşkilat komitəsinin üzvü Pərvin Eyvazov çıxış edərək B.Çobanzadənin zəngin elmi irsindən, Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna rolundan, müasir türkologiyanın qarşısında dayanan əsas vəzifələrdən söz açıb, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Konfrans öz işini dörd istiqmət üzrə yeddi bölmədə davam etdirib. “Bəkir Çobanzadənin həyatı və yaradıcılığı”na həsr olunmuş üç bölmədən ikisinə BDU-nun “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri - filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov və Pərvin Eyvazov, “Heydər və Əliyev və müasir türk dünyası” bölməsinə BDU-nun Filologiya fakültəsinin dekan müavini Anar Fərəov rəhbərlik edib.
Konfransın bağlanış mərasimində BDU tələbələri adından Filologiya fakültəsinin tələbəsi Zəhraxanım Rəhimova çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib.
Sonda məruzə etmiş bütün tələbələrə sertifikatlar təqdim olunub.