Filologiya fakültəsinin məzunları 30 il sonra yenidən BDU-da
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 1990-1995-ci illərdə təhsil alan tələbələrin məzun olmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Azərbaycan Respublikasınının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin, dünyasını dəyişən müəllim və tələbələrin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə məzunları səmimi hisslərlə salamlayaraq, təhsil ocağı ilə tələbələri arasında sıx əlaqələrin qurulmasının əhəmiyyətli və faydalı nəticələr verə biləcəyini vurğulayıb. O, Şərqin qocaman, nüfuzlu ali məktəblərindən olan BDU ilə yaşıd olan fakültənin fəaliyyətində yeniliklər, təhsilin keyfiyyətinin yüksəldilməsi və əməkdaşlığın genişləndirilməsi, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Məzunlar vaxtilə onlara dərs demiş müəllimlərinin çıxışlarını, tələbəlik dövrü ilə bağlı xatirələrini dinləyiblər. BDU-nun Filologiya və Tarix fakültələrində dərs demiş tanınmış alimlər – Zemfira Şahbazova, Qızılgül Abdullayeva, Vaqif Sultanlı, Tofiq Müzəffər oğlu Hacıyev, Boran Əziz, Sona Çərkəz, Nüşabə Sadıxlı, Etibar Talıblı, Vaqif Nəbiyev, Qənbər Xanməmmədov, İsmayıl Məmmədov tələbələri ilə yenidən görüşməkdən məmnun olduqlarını, keçmişin yalnız xatirələr deyil, həm də mənəvi irs olduğunu vurğulayıblar.
Məzunlardan Laura Cəbrayıllı, Nazim Muradov, Anar Niftəliyev və başqaları müəllimləri, tələbəlik illəri ilə bağlı unudulmaz xatirələrini danışıblar.
Çay süfrəsi arxasında davam edən görüşdə məzunlar Şərqin qocaman, nüfuzlu ali məktəblərindən olan BDU-nun və onunla yaşıd Filologiya fakültəsinin fəaliyyətini daim izlədiklərini bildirib, doğma təhsil ocağı ilə görüşün onları duyğulandırdığını, bu görüşün təşkilinə görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər. Sonra məzunlar BDU-nun ərazisini gəzib, Universitetdə həyata keçirilən yeniliklərlə tanış olublar.