Filologiya fakültəsinin Könüllülər Təşkilatı “Folklorumuzda çərşənbələr” adlı tədbir keçirib
Martın 14-də BDU-nun Filologiya fakültəsində Könüllülər Təşkilatının təşəbbüsü ilə “Folklorumuzda çərşənbələr” adlı onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov iştirakçıları ilaxır çərşənbə və qarşıdan gələn bayram münasibəti ilə təbrik edib, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruzun keçirilməsinin əhəmiyyətindən, bu bayramın həyatın, təbiətin yeniləşməsinin, eləcə də dostluğun, sülh və əmin-amanlığın təzahürü olmasından danışıb.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov Novruz bayramının tarixindən və qədim adətlərindən, xalqımızın milli yaddaşı ilə bağlılığından, qeyd olunan dörd çərşənbənin əsas atributlarından və türk xalqlarının həyatında Novruzun əhəmiyyətindən söz açıb.
Fidan Xəlillinin aparıcılığı ilə keçirilən tədbirdə fakültə könüllüləri Fatimə Nağızadə, Mahirə Rzazadə, Ülviyyə Orucova və Aişə Babayevanın Novruz çərşənbələrinə həsr olunmuş çıxışları dinlənilib, həmçinin videoçarx nümayiş etdirilib.
Sonda Fakültə üzrə Könüllülər Təşkilatının sədr müavini Rəvan Quliyev çıxış edərək bayram təbriklərini çatdırıb, fakültə rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.