Filologiya fakültəsinin kollektivinə ağır itki üz verib
Görkəmli türkoloq alim, Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının professoru, kafedranın nəzdində "Türkoloji araşdırmalar" elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskər vəfat edib.
Ramiz Əskər 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olub. O, 1972-1975-ci illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil alıb. 1975-1978-ci illərdə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsilini davam etdirib. 2004-cü ildə filologiya elmləri namizədi, 2009-cu ildə filologiya elmləri doktoru elmi dərəcələrini alıb. Ramiz Əskər 1978–1983-cü illərdə Azərbaycan radiosunun redaktoru, 1983–1984-cü illərdə Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman dillərində çıxan “Azərbaycan bu gün” jurnalının, 1984–1991-ci illərdə latın, kiril və ərəb əlifbalarıyla çıxan “Odlar yurdu” qəzetinin baş redaktoru olub. 1991–1993-cü illərdə Uluslararası Xəbər Agentliyi (UHA, Ankara) və “Hürriyet” qəzetinin (İstanbul) Azərbaycan müxbiri işləyib. 1993–1997-ci illərdə “Yeni Forum” (Ankara) jurnalının Bakı təmsilçisi, 1993–1994-cü illərdə Azərbaycan Xarici Turizm Şurasının İnformasiya, reklam və mətbuat idarəsinin rəisi, 1994–1996-cı illərdə “XXI əsr” qəzetinin baş redaktoru işləyib.
Ramiz Əskər 2002–2007-ci illərdə BDU-nun Türkologiya kafedrasının əməkdaşı, 2007–2009-cu illərdə Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışıb. 2009–2012-ci illərdə BDU-nun Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyasının, 2012–2016-cı illərdə BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının, 2016-2023-cü illərdə Türkologiya kafedrasının müdiri olub. Görkəmli alim 2023-cü ildən BDU-nun Türkologiya kafedrasının nəzdində "Türkoloji araşdırmalar" ETL-in müdiri idi.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Şöhrət”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmuşdu.
BDU rəhbərliyi və kollektivi tanınmış alim Ramiz Əskərin vəfatından dərindən kədərlənir və ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.