Filologiya fakültəsinin III kurs tələbəsi Aynurə Abbaszadə:“Zəfərin mübarək, Azərbaycan!”
Tarix boyu çox zəfərlər qazanılmış, çox xalqlar öz qələbəsinin təntənəsini, sevincini yaşamışdır. Bu xalqlardan biri də Bizik – müzəffər Azərbaycan xalqıdır. Digər xalqlar kimi xalqımızın da tarix səhifələrinə qızıl hərflərlə yazılmış xeyli zəfərlər vardır. Hərəsinin də öz tarixçəsi, öz şərəf yolu vardır onların. Hansı ki onların ən möhtəşəminin bir il öncə bizim hər birimiz – hər bir Azərbaycan vətəndaşı canlı şahidi olmuşdur. Qürur, şərəf, sevinc, bəzən hüzn, kədər, göz yaşı ilə dolu qırx dörd günlük yox, otuz illik mübarizəmizin, əzmimizin, haqqımızın nəticəsi olan həmin o şanlı zəfər. Bu zəfər tək qırx dörd günlük haqq mübarizəmizin nəticəsi deyil, biz bu zəfəri tək qırx dörd gündə qazanmadıq. Bu zəfər bizim ilk bir qarış torpağımızın belə düşmən tapdağı altına keçdiyi gündən apardığımız mübarizənin nəticəsidir. Bu zəfər üçün otuz ildir savaşıb, canını ortaya qoyub vuruşan bir millətik biz. Əksini iddia edən Ə.Əliyev, Ə.Hacıyev, A.Aqarunov, Ç.Mustafayev kimi Milli qəhrəmanlarımızın timsalında birinci Vətən müharibəsinin şəhidlərinin, M.İbrahimov, F.Əhmədov, P.Həşimov, İ.Mirzəyev kimi qəhrəman vətən oğullarının müqəddəs ruhları qarşısında ən böyük hörmətsizliyi edib, onların haqqlarını danmış olar. Əksini iddia edən övladlarının müqəddəs bir amal uğrunda həlak olmalarını, qurban getmələrini özlərinə təsəlli edən gözüyaşlı şəhid analarının, şəhid atalarının həmin o təsəllisini, o təsəlliylə birgə onları da məhv edər. Əksini iddia edən illərdir doğma yurdundan didərgin düşmüş, ancaq öz ümidini itirməmiş, bir gün öz ata-baba torpağına qayıdacağı ümidiylə yaşayan, öz övladlarını da bu ruhda tərbiyə edib, mübariz ruhda böyüdən məcburi köçkünlərimizin haqqını danmış olar. Ən əsası isə həmin o əksini iddia edənlər öz Vətəninə, öz xalqına xəyanət edib, onun tarixini inkar edər.
Bəs nədir bu qədər canlar bahasına qazandığımız zəfər? Nə məna kəsb eləyir beş hərfə bir xalqın sevincini, kədərini, qürurunu sığdıran bu söz? Bir az diqqət eləsək, görərik ki, çox dəyərli bir parçan uğrunda mübarizə apardığın hər gündür zəfər. Təslim olmadığın, imtina etmədiyin müddətcə zəfər sənindir, o səninlədir, səninlə olacaq. İtirdiyin, bəlkə də, səndən zorla qoparılan, indi isə uğrunda mübarizə aparıb, canını, qanını ortaya qoyduğun o şeyə qarşı içində bəslədiyin sevgindir məhz sənin zəfərin. Eynilə Azərbaycan xalqının – məhz Bizim otuz ilə yaxın bir müddətdə apardığımız mübarizə, içimizdə bəslədiyimiz o sevgi kimi. Biz də heç bir zaman yorulmadıq, usanmadıq bu haqq mübarizəsindən. Hər gün, vətəndən – doğma Qarabağdan uzaq qaldığımız hər gün bizi daha da mübariz edib, parlaq zəfərin çox yaxında – bəlkə, bu gün, bu gün olmasa da, sabah, sabah olmasa da, başqa gün yolun sonunda bizi gözlədiyinə və o sonun çox yaxın olduğuna ümid verdi, inam yaratdı içimizdə. İçimizdə qovrulan Vətən həsrəti adlı alovun tüstüsü bizim o sabaha doğru uzanan yolumuzu dumana bürümədi. Əksinə bizə daha da güc verdi o tüstü. Bunun sayəsində, içimizdə bəslədiyimiz bu ümidlə o yolun sonuna, illərdir öz müzəffərlərini gözləyən zəfərimizə qovuşduq. O gün, doğma yurd, doğma torpaq həsrətinə son qoyulan həmin gün biz ilk dəfə müzəffər bir xalq kimi məğrur bir şəkildə deyə bildik ki: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. Və bu - məhz bu iki cümlə bütün dərdlərə əlac olub, bütün qanayan, göynəyən yaralara su səpdi. Çünki həmin iki cümlə bizim zəfərimizin müjdəçisi idi. İllərdir həsrətlə yolunu gözlədiyimiz o möhtəşəm zəfərin!
Bu zəfəri də asanlıqla qazanmadıq biz. Qurban verməli olduq, özlərini qurban edənlər, Vətən fədailəri çox oldu bu şərəfli yolda. Onlar tək öz canlarını yox, o canla birgə öz amallarını, arzularını qurban deyib fəda elədilər ən müqəddəs amal, ən yüksək zirvə uğrunda. Övladını ilk dəfə qucağına alacağı, “ata” deyib onun boynuna sarılacağı, ilk dəfə onu məktəbə aparacağı, ilk dəfə universitet qapılarına yola salacağı, özü kimi övladının da vətən keşiyində duracağı günləri, oğlunu evləndirib qızını gəlin köçürəcəyi günləri xəyal etmişdi, bəlkə də, əsgər. Bəlkə də, şəhid olmamışdan əvvəl anasının onu son dəfə dizlərinə yatırıb lay-lay deməsini, “Bala, oralar çox soyuq olar, üstünü qalın elə. Ehtiyyatlı ol!” deyib onu sığallaya-sığallaya, oxşaya-oxşaya dəfələrlə tənbeh etməsini istəmişdi, sadəcə, əsgər. Sevdiyini görmək, ona sarılmaq istəmişdi son dəfə. O, bunların hamısını istəmişdi, bəlkə də. Hətta bunları etmək üçün sağ da qala bilərdi o. Öz canını xilas etmək üçün illərdir yad tapdağı altında nəfəs ala bilməyən, boğulan torpağın – Vətən torpağının boğulmasına göz yuma bilərdi. Amma o bunu etmədi, onlar bunu etmədilər. Onlar öz isti yuvalarına dönməyi, o isti yuvalarında onları gözləyən insanları son bir dəfə görüb sarılmağı qurban verib bunun əvəzinə üçrəngli bayraqla birgə torpağa sarılmağı, ilk və son, ən müqəddəs, ən isti ocağa dönməyi seçdi onlar. Elə bilməyin ki, onlar soyuq, qara torpağı seçdilər, məhz həmin an öz doğma analarına sarıldı onlar. Çünki onlar bilirdilər ki, hər şeydən əvvəl onlar torpağın oğlu, torpaq isə onların anası idi, quru bir torpaq parçası deyil. Çünki onların hər biri bilirdi ki, onlar vətəndaşdırlar. Bir qarış torpağı belə canından dəyərli bilən şərəfli bir vətəndaş. Axı onu vətən yetişdirib bu ellərə yollamış, bu torpağa qurban deyib Allaha ısmarlamışdı. Axı onlar vətən daşını yastıq bilib, vətən torpağına yağan qarı özlərinə yorğan bilmişdilər. Axı sevgili vətən üçün ölmək onların yurd eşqilə daima için-için yanan qəlblərinin ən böyük, gerçəkləşdirmək istədikləri bütün arzularından daha müqəddəs, daha əziz idi onlara. Və onlar da ana torpaq darda olduğu ilk gündən bu arzunu bir alov kimi qəlblərində yandırıb bu yolda özlərinə məşəl etdilər və bu məşəl onların bütün yoluna işıq saçıb, bütün yolunu nura boyadı. Məhz o işıq sayəsində onlar öz yollarında azmamış, şəhidlik adlı müqəddəs yolda şərəflə irəliləmiş və bu yol onları əbədiyyət adlı bir sona qovuşdurmuşdur. Bəli, onlar öz qanları, öz cismi ölümləriylə əbədi və müqəddəs bir həyata addım, bu həyata gedən yola isə öz imzalarını atmışlar. Buna görə də kimsə deyə bilməz ki, onlar ölüblər. Onların sadəcə cisimləri yoxdur bizim aramızda. Onların ruhları isə bizlərdən fərqli olaraq əbədi yaşayacaq. Həm də ən uca zirvələrdə. Bu uca zirvə, bəlkə də, bizim bildiyimiz zirvələrdən deyil, Comolunqma kimi minlərlə metr hündürlükdə deyil, bizə daha yaxındır. Amma bu uca zirvə onlardan daha əzəmətli, daha böyükdür. Bu zirvə də bizim kimi yaşayır, biz onu hiss edə bilirik. Çünki bu uca zirvə bizim içimizdə kök salıb. Bu uca zirvə onların “Oğul, oğul!” deyə hayqırıb övladının əvəzinə üçrəngli bayrağa bürünmüş tabutunu qucaqlayan analarının, ürəyi nə qədər həsrətdən alışıb-yansa da, qəlbi nə qədər qəhərlə dolu olsa da, o qəhəri bir yumruq kimi boğazında düyüm edib qürurla, bir qəhrəman atası kimi “Təki Vətən sağ olsun!” deyən atalarının, bəlkə də, hələ şəhadətin nə olduğunu bilməyən, ancaq “Mən atamla fəxr edirəm. Mənim atam qəhrəmandır!” deyib atasının büküldüyü bayrağı öz balaca əllərində möhkəm-möhkəm tutan, bəlkə də, heç bunları da deyə bilməyən, yenicə dünyaya göz açmış, amma gələcəkdə üzünü belə görmədiyi atasının bir qəhrəman olduğunu, onun keçdiyi şərəfli ömür yolunu doğmalarından duyduqda həm qürur, həm də kədərdən gözləri dolan övladlarının, bəzən özünü gücsüz hesab etdikdə, sevgisinə ehtiyac duyduqda hər zamankı kimi ona deyil də, məzar daşına sarılıb bir yerlərdə onu hələ də eşitdiyini bildiyi üçün öz dərdini yenə də həmdəminə, ömür-gün yoldaşına danışan həyat yoldaşlarının, bütün sevdiklərinin, ən əsası isə onlarla hər zaman fəxr edən, aldığı hər nəfəsə, atdığı hər addıma görə onlara borclu olduğunu bilən bütün Azərbaycan xalqının qəlbidir və bu qəlblər döyündükcə, bizlər nəfəs aldıqca onlar da yaşayacaq. Həm də bizə hər zamankından daha yaxın bir yerdə. Məhz bu, fani olan bizlərin qəlbində onların ölməzliyinin, əbədiyyətinin sübutudur. Bizim ən əsas borcumuz da bu sübutu daim var eləyib qorumaqdır. Çünki üstündə gəzdiyimiz torpağın altında yatan o cansız canların anaları, ataları, övladları, bütün doğmaları o sübutu bizdən tələb edəcək. Həm də hər an. Onlar bu sübutla nəfəs alacaq, onu öz qanayan yaralarına məlhəm edib onunla sarıyacaqlar o yaranın üstünü. Biz onu içimizdə yox etdiyimiz an isə həmin şəhid bunu hiss edəcək. Düşmən gülləsinə öz canını qurban edən an ölməyən o şəhid, bax elə həmin an bizim açdığımız atəşlə öləcək. Çünki AYB-in üzvü Elmar Vüqarlının da dediyi kimi, “Şəhidlər vurulan zaman ölmür, unudulan zaman ölür”. Çünki biz M.A.Ərsoyun dediyi kimi basdığımız yerləri torpaq deyərək keçib-getməməli, o torpağı, o torpağın altında minlərcə kəfənsiz yatanı tanımalı, düşünməliyik. Çünki onlar bizim dünənimiz, bu günümüz və ən əsası sabahımızdırlar. Əgər onlar olmasaydı, bizim üçün sabah deyə bir şey olmayacaqdı. Və biz o sabahları ən azından onlara olan borcumuzu yerinə yetirmək üçün layiqli bir şəkildə yaşamalıyıq. Onlara üzüağ bir şəkildə “Haqını halal et, Şəhidim! Sənin yatdığın torpağın üzərində gəzib sənin buxar olub sovrulduğun havanı nəfəs deyib ciyərlərimə çəkdiyim üçün! Öz qanını, canını Qarabağ edib bizə qaytardığın üçün!” deyə bilmək üçün...
Bəli, bu zəfər adlı başı göylərdən uca binanın əsas memarları onlar idilər. Ancaq tək memarları deyildilər. Bir digər memarlar isə 7-dən 70-ə özləri orada olmasalar da, ürəkləri cəbhədə, vətən oğulları ilə birgə döyünən bütün Azərbaycan xalqı idi. Bu qəhrəman memarlar evinə raket atılsa da, mənfur düşmən gülləsi başı üzərində havanı yarıb uçsa da, öz torpağını tərk etməyən, “Biz heç kimdən qorxmuruq. Biz əsgərlərimizin yanında, yeri gəlsə arxasındayıq hər zaman!” deyən əsl vətəndaşlardır. Həmin qəhrəmanlar doğma yurdundan başıaçıq, ayaqyalın çıxarıldığı gün heç nə olmasa da, əllərində bircə ovuc torpağı, doğma bulaq suyunu, ciyərlərində isə son bir dəfə Vətən havasını özləri ilə götürən, illərdir məcburi köçkün adı ilə yaşayan qarabağlılardır. Bu qəhrəmanlar neçə-neçə günahsız körpələr – Zəhralar, Mədinələr, Nilaylar, Xədicələr, neçə-neçə dağıdılan yerlər – Ağdam, Gəncə, Bərdə, Tərtərdir. Məhz bizlərdir, on milyon döyünən, neçə bu amal uğrunda döyünməyən ürəklərdir...
Artıq həmin o şanlı tarixdən bir il ötür. Çox şey dəyişdi bu bir ildə. Əvvəlki bir illərdən fərqli olaraq bu bir ildə biz artıq BMT tərəfindən qəbul edilən və illərdir masa üzərində qalan dörd qətnaməni öz gücüylə icra edən müzəffər xalqıq. Artıq bizim torpaqlarımızın 20%-i işğal altında deyil. Artıq bir ildir ki, biz hava proqramlarında Dağlıq Qarabağın hava proqnozu göstəriləndə dərddən, utancdan yox, sevincdən ağlayırıq: “Şükür bu günümüzə, İlahi!” deyə. Çox şey dəyişdi, bəli. Neçə evlər oğulsuz, atasız, qardaşsız, yoldaşsız qaldı bu bir ildə. Biz onları geri qaytara bilməzdik. Amma biz əlimizdən gələni etməyi seçdik, biz onlara oğul, ata, qardaş, yoldaş olduq bu bir ildə. Bütün Qarabağ onlara təsəlli, isti yuva oldu, eyni zamanda yarası qanayan bütün Azərbaycan xalqına da.
Zəfər məhz bunlar idi. İndi isə müzəffər bir xalq olaraq zaman geri dönüş zamanıdır. Sizcə də Şuşanı, Laçını, Kəlbəcəri, Xocalını, Xankəndini çox gözlətmədikmi? Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Tərtər, Ağdərənin – bütün Qarabağın səsini eşidirsinizmi? Onlar bizi səsləyir, bizi çağırır. Artıq boynu bükük Xarıbülbülün boynunu dikəltmək, o əzəmətli dağların qoynunda Xanlar, Cabbarlar, Bülbüllər yetişdirməyin vaxtı deyilmi? Zaman tam da o zamandır. “Ey doğma Vətən, doğma Qarabağ! Biz hazırıq artıq. Səsini eşitmişik çoxdan. Sənə doğru gəlirik! Ey dağlar gözəli Şuşa, dumanlı dağlarının qoynunda bir yerdə “Zəfərin mübarək, Azərbaycan!” deməyə gəlirik!” deməyin tam zamanıdır. Elə isə atlarınızı yəhərləyin. Yolumuz Cıdır düzünədir...