Filologiya fakültəsinin əməkdaşları “Aşıq Ələsgər: sazın sehri və sözün şöhrəti” mövzusunda beynəlxalq elmi konfransda
AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə “Aşıq Ələsgər: Sazın sehri və sözün şöhrəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. “Zoom” platforması üzərindən keçirilən konfransda Azərbaycan, Türkiyə, Ukrayna və Rusiyadan olan alimlər iştirak edib. Beynəlxalq konfransda BDU-nun Filologiya fakültəsinin əməkdaşları - Azərbaycan şifahi xalq ədəbiyyatının dosenti Məhəmməd Məmmədov “Aşıq Ələsgər yaradıcılığında dağ vətən və yurd hamisi kimi”, “Dədə Qorqud” ETL-in müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva “Aşıq Ələsgər yaradıcılığında kamil insan”, doktorantlar Firuzə Sadıqova “Qədim aşıq sənətinin varisləri” və Aynur Səfərli “Aşıq yaradıcılığında Dədə Ələsgər zirvəsi” adlı məruzələrlə çıxış ediblər.
Məhəmməd Məmmədovun “Aşıq Ələsgər yaradıcılığında dağ vətən və yurd hamisi kimi” adlı məruzəsində qeyd olunur ki, dağ, yaylaq kimi təbiət obyektlərini yüksək sənət dili ilə tərənnüm edən Aşıq Ələsgər bu təbiət gözəlliklərini doğma yurdun simvolu kimi görür. Ustad sənətkar dağa mistik və mənəvi gücü olan, hiss və duyğulardan yoğrulmuş canlı bir varlıq kimi baxır.
Həmçinin M.Məmmədov beynəlxalq konfransın bölmə iclaslarından birinə sədrlik edib.
Almara Nəbiyevanın “Aşıq Ələsgər yaradıcılığında kamil insan” adlı məruzəsində ustad aşığın gözəllərin tərifinə, eləcə də el-obanın adlı-sanlı igidlərinin mədhinə həsr etdiyi şeirlərində, o cümlədən digər əsərlərində insan ağlının, təfəkkürünün əhəmiyyətini özünəməxsus boyalarla təsvir etməsi, ağıl və kamalın insanlığı ifadə etməsi diqqətə çatdırılır.
BDU-nun digər əməkdaşlarının məruzələrində Dədə Ələsgərin aşıq yaradıcılığında yeri, aşıq sənətinin varisləri hərtərəfli tədqiq olunur.
İki gün davam beynəlxalq konfransda Aşıq Ələsgərin irsinə həsr olunmuş 50-dən artıq məruzə dinlənilib. Sonda iştirakçılara “Təşəkkür bəlgəsi” təqdim olunub.