Filologiya fakültəsinin kollektivinə ağır itki üz verib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” elmi-tədqiqat laboratoriyasının (ETL) böyük elmi işçisi, professor İfrat Əliyeva vəfat edib.
İfrat Əliyeva 1938-ci ildə Bakıda anadan olub. 1956-cı ildə Hüseyn Cavid adına orta məktəbi bitirərək, BDU-nun Filologiya fakültəsinə qəbul olub. 1962-ci ildə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani aspirantı olub. 1971-ci ildə “Bəxtiyar Vahabzadənin lirikası” mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri namizədi, 1988-ci ildə “Məmməd Rahimin yaradıcılıq yolu” mövzusunda dissertasiya ilə filologiya elmləri doktoru, 1989-cu ildə isə professor elmi adı alıb. 2009-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
İfrat Əliyeva 1962-1968-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant, 1968-1971-ci illərdə baş laborant, 1971-1973-cü illərdə müəllim, 1973-1979-cü illərdə baş müəllim, 1979-1980-ci illərdə Filologiya fakültəsində dekan müavini işləyib. O, 1980-1988-ci illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasında dosent, 1988-1992-ci illərdə professor, 1992-1994-cü illərdə Filologiya fakültəsində dekan müavini, 1994-1999-cu illdə BDU-da qiyabi və orta ixtisas təhsil üzrə prorektor, 1999-2021-cu illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor, 2021-ci ildən isə “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in böyük elmi işçisi kimi fəaliyyət göstərib.
Professor İfrat Əliyevanın tədqiqat sahəsi müasir Azərbaycan ədəbiyyatı və ədəbi tənqid olub.
İfrat Əliyeva 6 kitab, 60-dan çox məqalə və metodik göstərişin müəllifi idi.
BDU rəhbərliyi və kollektivi professor İfrat Əliyevanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.