Filologiya fakültəsində Zəfər Günü qeyd olunub
BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Giriş sözü ilə çıxış edən Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov 44 günlük Vətən müharibəsində əldə olunan qələbəyə gedən şərəfli yoldan, son 30 ildə respublikamızın tərəqqisi və beynəlxalq aləmdə nüfuzunun güclənməsi istiqamətində görülən misilsiz işlərdən, hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işlərindən, bu tarixi Zəfərin qazanılmasında qəhrəman oğullarımızın göstərdikləri şücaətlərdən, həmin dövrdə fakültə tələbələrinin arxa cəbhədəki fəallığından söz açıb.
İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri professor Abbas Abbasov öncə I Qarabağ müharibəsinə diqqət çəkərək, həmin illərdə şahidi olduğu hadisələrlə bağlı təəssüratlarını bölüşüb, xalqımızın milli qürur tarixinə çevrilmiş böyük Zəfərin əldə olunmasında Ali Baş Kommandan cənab İlham Əliyevin beynəlxalq səviyyədə həyata keçirdiyi peşəkar siyasətdən, müharibə dövründə igid oğul və qızlarımızın göstərdikləri qəhrəmanlıqlardan, Qarabağın tarixi nüfuzunun bərpa olunması istiqamətində uğurla icra edilən böyük layihələrdən danışıb.
Filologiya fakültəsinin I kurs tələbəsi Gülşən Bağırova 44 günlük Vətən müharibəsindən sonra Qarabağda həyata keçirilən böyük quruculuq işlərindən bəhs olunan məruzə ilə çıxış edib.
Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbir tələbələrin ədəbi-bədii çıxışları ilə davam edib. Tələbə Gənclər Təşkilatının sədri Hümbət Bədəlov, Validə Bayramlı, Nəzrin Əliyeva və Kəmaləddin Hüseynov vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, “Lin Orph”musiqi klubunun üzvü Mənzər Əliyeva “Azərbaycan” və “Çırpınırdı Qara dəniz” mahnılarını ifa edib.