Filologiya fakültəsində tanınmış şair Fəxrəddin Ziya ilə görüş keçirilib
BDU-nun Filologiya fakültəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq “Mahmud Kaşğari” mükafatı laureatı, tanınmış şair Fəxrəddin Ziya ilə görüş keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Hümbət Bədələov şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib.
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev, Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımov, tanınmış jurnalist və yazıçı Nazir Əhmədli çıxış edərək, şairin ədəbi fəaliyyəti, ziyalı kimi şəxsi keyfiyyətləri haqqında ətraflı söz açıblar.
Sonra söz qonağa verilib. Fəxrəddin Ziya səmimi görüşə görə fakültə rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirib, müasir ədəbi proseslə bağlı görüşlərini bölüşüb, öz yaradıcılığından şeirlər səsləndirib.
Tədbirdə tələbələr şairin şeirlərini söyləyib, ona suallar ünvanlayıblar. Sonda qonaq “İstəyimin qolları” adlı son kitabını imzalı şəkildə tələbələrə hədiyyə edib.