Filologiya fakültəsində I kurs tələbələri ilə görüş keçirilib
BDU-nun Filologiya fakültəsində 2025/2026-cı tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib. Görüşdə fakültə rəhbərliyi, kafedra müdirləri, professor-müəllim heyəti və tyutorlar iştirak ediblər.
Fakültə dekanı dosent Elçin Məmmədov 106 yaşlı Bakı Dövlət Universiteti ilə yaşıd Filologiya fakültəsinin tarixi, elmi mühiti, kadr potensialı haqqında məlumat verərək, son illər universitetdə həyata keçirilən islahatlardan və yeniliklərdən, kadr hazırlığı aparılan ixtisasların perspektivlərindən bəhs edib, fakültənin əldə etdiyi mühüm nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, tədrisin keyfiyyətinin artırılması məqsədilə universitetin maddi-texniki bazası daha da gücləndirilir, tələbələrin şəffaf mühitdə təhsil almalarına şərait yaradılır. Həmçinin universitetdə fəaliyyət göstərən tələbə təşkilatları istedadlı və bacarıqlı gənclərin üzə çıxarılması istiqamətində mühüm işlər görür və onların uğur qazanmalarına dəstək verir.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, kafedra müdirləri – Tofiq Hacıyev, Elmira Fərəcullayeva, və Tahir Əliyev, İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının professoru Əfqan Abdullayev, habelə tələbə təşkilatlarının rəhbərləri çıxış edərək Azərbaycanda ictimai-siyasi və filoloji fikrin inkişafında BDU-nun Filologiya fakültəsinin tarixi xidmətlərindən, buradakı tədris prosesindən söz açıb, tələbələrin universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətini vurğulayıblar.
Sonra fakültənin tyutorları tələbələrə tədrisin təşkili, mövcud qaydalar və kredit sistemi haqqında ətraflı məlumat verib, onların qruplar üzrə bölgüsünə və tələbələri maraqlandıran digər məsələlərə aydınlıq gətiriblər.
Qeyd edək ki, cari tədris ilində 315 abituriyent (290 nəfər əyani, 25 nəfər qiyabi) BDU-nun Filologiya fakültəsində təhsil almaq imkanı əldə edib. Qəbul olunan tələbələrdən 14 nəfəri 600-dən yuxarı bal toplayıb. Fakültə üzrə ən yüksək qəbul göstərici 665 baldır.