Filologiya fakültəsində I kurs tələbələri ilə görüş keçirilib
BDU-nun Filologiya fakültəsində 2024/2025-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib. Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov, fakültə rəhbərliyi, kafedra müdirləri, professor-müəllim heyəti və tyutorlar iştirak ediblər.
BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov tələbələri ölkəmizin qədim və ən böyük ali təhsil müəssisəsinə qəbul olunmaları və yeni dərs ili münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb. O, universitetdə kadr hazırlığı həyata keçirilən ixtisaslar və onların perspektivləri, tədris prosesinin təşkili və gələcək hədəflər haqqında məlumat verib, tələbələri qarşıdakı təhsil müddətində yüksək bilik və bacarıqlara yiyələnməyə çağırıb.
Fakültə dekanı dosent Elçin Məmmədov bu il 105 illiyi qeyd edilən Bakı Dövlət Universiteti ilə yaşıd Filologiya fakültəsinin tarixi, elmi mühiti, kadr potensialı haqqında məlumat verərək, son illər universitetdə həyata keçirilən islahatlardan və yeniliklərdən, kadr hazırlığı aparılan ixtisasların perspektivlərindən bəhs edib, fakültənin əldə etdiyi mühüm nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, tədrisin keyfiyyətinin artırılması məqsədilə universitetin maddi-texniki bazası daha da gücləndirilir, tələbələrin şəffaf mühitdə təhsil almalarına şərait yaradılır. Həmçinin universitetdə fəaliyyət göstərən tələbə təşkilatları istedadlı və bacarıqlı gənclərin üzə çıxarılması istiqamətində mühüm işlər görür və onların uğur qazanmalarına dəstək verir.
Dekan müavinləri – Ülviyyə Hüseynova, Mehriban Əlizadə və Anar Fərəcov, kafedra müdirləri – Məhərrəm Məmmədov, Tofiq Hacıyev, Elmira Fərəcullayeva, Tahir Əliyev, İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının professoru Əfqan Abdullayev, Rus dilçiliyi kafedrasının professoru Sevinc Məhərrəmova, Alman və fransız dilləri kafedrasının dosenti Azelma Həsənova, tələbə təşkilatlarının rəhbərləri və başqaları çıxış edərək Azərbaycanda ictimai-siyasi və filoloji fikrin inkişafında BDU-nun Filologiya fakültəsinin tarixi xidmətlərindən, buradakı tədris prosesindən söz açıb, tələbələrin universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətini vurğulayıblar.
Sonra fakültənin tyutorları tələbələrə tədrisin təşkili, mövcud qaydalar və kredit sistemi haqqında ətraflı məlumat verib, onların qruplar üzrə bölgüsünə və tələbələri maraqlandıran digər məsələlərə aydınlıq gətiriblər.
Qeyd edək ki, cari tədris ilində 320 abituriyent BDU-nun Filologiya fakültəsində əyani təhsil almaq imkanı əldə edib. Qəbul olunan tələbələrdən 12 nəfəri 600-dən yuxarı bal toplayıb. Fakültə üzrə ən yüksək qəbul göstərici 644, 2 baldır.