Filologiya fakültəsində “Hədiqətül-əhadis” kitabının təqdimatı keçirilib
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə töhfə olaraq “AMİN” İctimai Birliyinin ərsəyə gətirdiyi “Hədiqətül-əhadis” kitabının təqdimatı keçirilib.
BDU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi Səyahət Məhərrəmovanın aparıcılığı ilə baş tutan təqdimatda çıxış edən BDU-nun Elmi kitabxanasının baş biblioqrafi, birliyin sədri Məcid Heydərli Azərbaycan ədəbi fikrinin inkişafında M.Füzulinin tarixi xidmətlərindən söz açıb, onun əsərlərinin bu gün də təbliği və gələcək nəsillərə aşılanmasının zəruriliyini vurğulayıb, “Hədiqətül-əhadis” kitabı haqqında məlumat verib.
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Sevinc Qocayeva, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasının elmi işçisi Ramil Bayramov dahi şairin 530 illiyik yubileyi əlaqədar ölkə başçısının imzaladığı sərəncamın əhəmiyyəti və bu istiqamətdə keçirilən müxtəlif tədbirlərdən, Füzulinin Azərbaycan filoloji fikri tarixində yerindən, əsərlərinin ölkəmizdə və onun hüdudlarından kənarda nəşri və tədqiqindən danışıb, “Hədiqətül-əhadis” kitabının da bu yöndə uğurlu addımlardan biri olduğunu vurğulayıblar.
BDU-nun Filologiya fakültəsinin tələbələri - Məcid Mütəllib, Selcan Aslanlı və Aydan Aslanlı Füzuli sənətkarlığının bəznərsizliyindən bəhs edərək, şairin ədəbi məktəbinin bu gün də xüsusilə gənclər tərəfindən davam etdirildiyini qeyd edib, müəllifi olduqları qəzəllərdən nümunələri və “Hədiqətül-əhadis” kitabında yer almış Füzulinin nəzmə çəkdiyi bəzi hədisləri səsləndiriblər.