Filologiya fakültəsində Dövlət Bayrağı Günü qeyd olunub
Filologiya fakültəsində BDU Könüllüləri və Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov açılış nitqi ilə çıxış edərək, artıq ölkəmizdə Dövlət Bayrağı Günü ilə yanaşı ardıcıl tarixlərdə Zəfər Gününün tənətənə ilə qeyd olunmasından, işğaldan azad olunmuş ərazilərdə bayrağımızın əzəmətlə dalğalanmasından danışıb, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət Bayrağına münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu vurğulayıb.
Sonra Filologiya fakültəsinin I kurs tələbələri - Ayla Atayeva Dövlət Bayrağındakı rənglərin simvolik əlamətləri, bu dərin mənaların mənəvi, siyasi, ideoloji əhəmiyyəti haqqında məlumat verib, Fatimə Azamatova və Cahan Nəcəfova isə hazırladıqları təqdimatları nümayiş etdiriblər.
Tədbirdə BDU Könüllüləri nəzdindəki “Lin-Orph” musiqi klubunun sədri Ayxan Məmmədov gitarada “Torpağın səsi”, Aynurə Aslanova isə “Çırpınırdı Qara dəniz” mahnılarını ifa edib, tələbələr bayrağa həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Aydan Rüstəmzadə çıxış edərək, keçirilən tədbirin gənclər üçün tərbiyəvi əhəmiyyətindən söz açıb, tədbirin təşkil olunmasında fəal iştirak edən tələbələrə təşəkkürünü bildirib.