“Fərman Kərimzadənin yaradıcılığında tarixi roman”
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının müəllimi Sevinc Abdulla qızı Abdullayeva “Fərman Kərimzadənin yaradıcılığında tarixi roman” mövzusunda elmi seminar keçirib. Seminarda kafedranın, Dədə Qorqud, Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyalarının, əməkdaşları, doktorant və magistrantlar iştirak ediblər.
S.Abdullayeva Fərman Kərimzadənin tarixi romanlarında zaman-dövr-şərait faktını tarixi ardıcıllıqla izləyərək onun əsərlərinin günümüz üçün qaynaq, kök, etibarlı mənbə olmasına diqqət çəkib, milli ruh, milli zövq məsələlərinin dərin qatlarında əsas yer tutan tarixi vətəndaşlıq, vətənpərvərlik məsələlərinə münasibət bildirib. Yazıçının “Qoca qartalın ölümü”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Təbriz namusu” və b. romanlarında tarixi reallıq və bədii gerçəklik məsələsini müqayisə və faktlarla şərh edib. Qəmlo, Kərbalı İsmayıl, Abbasqulu ağa Şadlinski, Şah İsmayıl Xətayi, Çingiz xan obrazlarının prototipləri olan tarixi şəxsiyyətlər, onların xarakter xüsusiyyətləri haqqında maraqlı məlumatlar verdi və mübahisə doğuran məqamlara aydınlıq gətirib.
Çıxış edənlər Fərman Kərimzadənin Azərbaycan tarixinin mühüm hadisələrini əks etdirən əsərlərinin öyrənilməsinin əhəmiyyətini vurğuladılar və aktual mövzuya müraciət etdiyinə görə məruzəçiyə təşəkkür ediblər.
Çıxışlar bitdikdən sonra seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, təəssüratlarını bölüşüblər.