“Feilin tədrisində inteqrasiya imkanları” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında “Feilin tədrisində inteqrasiya imkanları” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və fakültə əməkdaşları iştirak ediblər.
Məruzəçi Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Əhəd Cavadov feilin tədrisinin inteqrasiya imkanları, eləcə də feilin özünəməxsus leksikası və zəngin kateqoriyaları haqqında ətraflı məlumat verib. Məruzədə feillərin milli xüsusiyyətləri qoruyub saxlaması və bunun daha çox sadə feillərə aid olması da geniş şərh olunub.
Məruzəçinin gəldiyi qənaət belə olub: “Feilin tədrisi zamanı omonim şəkilçili sözlərin, o cümlədən inkar şəkilçisinin vurğu ilə, təsirli və təsirsiz feillərin söz yaradıcılığı ilə əlaqəsi, feilin qrammatik məna növlərinin sözün leksik məzmunu ilə bağlılığı bu nitq hissəsinin fonetika, leksika və söz yaradıcılığı ilə inteqrasiyasını göstərir. Feilin təsriflənməyən formalarının feildən başqa, isim, sifət və zərflə bağlılığı məsdər, feili sifət və feili bağlamanın ikili xüsusiyyətini aşkarlamağa xidmət edir. Feilin söz birləşmələrinin xüsusi bir növünü yaratması, onların tərəfləri arasındakı qrammatik əlaqələr bu nitq hissəsinin sintaksislə inteqrasiyasının nəticəsi kimi reallaşır. Ali və orta məktəb dərsliklərində feil tədrisinin inteqrativ məzmunu da bu mövzunun şagird və tələbələrə çatdırılmasında mühüm rol oynayır”.
Kafedranın dosentləri - Rəhilə Quliyeva, Rəna Mahmudova, Məhbubə Qurbanova və digər iştirakçılar məruzəçiyə suallar ünvanlayıb, mövzu ilə bağlı fikirlərini səsləndirib, maraqlı və dərin mahiyyətli çıxışa görə məruzəçiyə minnətdarlıqlarını bildiriblər.