“Feilin şəkil kateqoriyasının funksional semantikalarının öyrədilməsi” adlı elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında “Feilin şəkil kateqoriyasının funksional semantikalarının öyrədilməsi” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və magistrantları iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva feil şəkillərinin cümlədə obyektiv, subyektiv modallıqlara xidmət etməsi, fikrin gerçəkliyə münasibətini bildirməsi, zamana münasibəti və s. xüsusiyyətlərini açıqlayıb, türkologiyada və Azərbaycan dilçiliyində tədqiqi məsələsinə toxunub, feil şəkillərinin funksional semantikalarını konkret dil faktları ilə izah edib. Məruzəçi qeyd edib ki, mövzunun rabitəli nitqin inkişafında, lüğət ehtiyatının zənginləşməsində və qrammatik kateqoriyaların fəlsəfi anlamda tərk edilməsində böyük rolu vardır.
Sonra mövzu ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Azərbaycan dili və ədəbiyyatınıntədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva bildirib ki, feil şəkillərinin semantik xüsusiyyətlərinin öyrədilməsinin mühüm əhəmiyyəti vardır. Məruzəçinin çıxışında rəngarəng poetik nümunələr vasitəsilə semantikanın fəlsəfi dərkinə yönəldilməsi mövzunun maraqlı cəhəti olmaqla bərabər, məruzəçinin dərin intellektinə və geniş yaradıcılıq potensialına malik olduğuna dəlalət edir.
Sonda məruzənin feil şəkillərinin tədrisində metodik göstəriş kimi istifadə edilməsi tövsiyə olunub.