Fakültə könüllüləri "Mədəniyyət" telekanalında yayımlanan "Və ya..." verilişində iştirak ediblər
"BDU könüllüləri" təşkilatının Filologiya fakültəsi üzrə könüllüləri "Mədəniyyət" telekanalında yayımlanan "Və ya..." verilişində iştirak ediblər. Verilişdə Azərbaycan Respublikasının əməkdar artisti Nicat Kazımov rejissoru olduğu tamaşalar barədə geniş məlumat verib. O həmçinin tamaşaçı ilə aktyor arasında qurulan ünsiyyətin əhəmiyyətindən, müasir teatrın qarşılaşdığı çağırışlardan və bu sahədə həyata keçirilən yeniliklərdən danışıb.
Azərbaycanlı yazıçı, dramaturq və ssenari müəllifi Ülviyyə Heydərova isə öz dramaturji fəaliyyəti, qələmə aldığı əsərlər, onların səhnələşdirilmə prosesi və müasir dramaturgiyanın inkişaf meyilləri haqqında fikirlərini bölüşüb. O, Azərbaycan teatrı üçün yazılmış əsərlərin mövzu dairəsi, cəmiyyətin teatra olan marağı və bu sahədəki perspektivlər barədə ətraflı məlumat verib.
Könüllülər çıxışlar zamanı ölkəmizdə teatr və dramaturgiyanın tarixi inkişafı, müasir teatr mədəniyyəti, tamaşaçı auditoriyasının maraqları və teatr sahəsində aparılan islahatlar haqqında ətraflı məlumat əldə ediblər.