“Ezoterik təlimin fəlsəfi poeziyada təzahürü”
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında “Ezoterik təlimin fəlsəfi poeziyada təzahürü” adlı elmi seminar keçirilib. Seminarda kafedranın profoessor-müəllim heyəti və magistrantlar iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedra müdiri, professor Mətanət Abdullayeva bildirib ki, bəşər tarixinin bütün dövrlərində ezoterik biliklərə maraq olub. Belə ki, ezoterik biliklər insanları düşündürən və onlara sirli görünən problemlərə, suallara bu və ya digər səviyyədə açıqlıq gətirir. Yer kürəsində elə bir xalq, elə bir millət, elə bir dövlət yoxdur ki, ezoterika tarixinin xəzinəsinə öz töhfəsini verməsin. Ezoterika canlı bilik aləmidir. O, bizi ən uzaq dövrlərlə birləşdirən, bəşəriyyətin əbədi dəyərlərinin toplusudur. Müasir sosial-mədəni həyat üçün var olmanın rasional dərki ilə bərabər onun ezoterik (irrasional) dərki də önəmlidir. Həyatın, varlığın müxtəlif aspektlərdən və eyni zamanda, bütöv öyrənilməsi rasionalla irrasional idrakın vəhdəti şəraitində mümkündür. Ezoterik bilik idrak prosesində yarımçıq qalan hissəni – irrasional sahəni əhatə edir.
Çıxışda qeyd olunub ki, fəlsəfi poeziyanın əsas metaforası bütün Uzaq Şərq, İslam Şərqi və Qərb ezoterik baxışlarının aparıcı ideyası kimi mistik reallığın – Mütləq Həqiqətin barəsindəki sözlərdir. Mütləq, zaman koordinatlarının fövqündə olduğu kimi, onun barəsindəki hər bir qiymətli söz də keçmiş-indiki-gələcək anlamlarından kənardır, daha doğrusu, yüksəkdir. Orta əsrlərdən fəlsəfi poeziya, başqa sözlə, poetik formalara girmiş fəlsəfə, bir növ, ictimai şüurun qadağan edilmiş incəsənət növlərini və elmi, fəlsəfəni özündə təcəssüm edirdi. Görünür, buna görədir ki, fəlsəfi poeziya nümunələri bizi misraların qəlbi riqqətə gətirən musiqisi, obrazların parlaqlığı, rəngarəngliyi, əyaniliyi və onların arxasında gizlənən dərin düşüncələrin, mənaların zənginliyi ilə heyran edir. İstər professional fəlsəfənin, istərsə də dini – mistik-fəlsəfi cərəyanların təsirinin hiss edildiyi həmin əsərlərdə dövrün dünyaanlamı və dünyaduyumu öz əksini tapmışdır. İbn-Ərəbi demişdi ki, filosof, yaxud ilahiyyatçı, eynilə şair, ya yazıçı, ya da adi çəkməçi gizli (ezoterik) biliklərə yiyələnə bilər.