“English for Chemists” adlı dərs vəsaiti nəşr olunub
BDU-nun Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kaferdasının baş müəllimi Nilufər Mahmudovanın “English for Chemists” adlı dərs vəsaiti nəşr olunub. Kimya fakültəsinin tələbələri və müəllimlər üçün tərtib olunmuş dərs vəsaitinin məqsədi tələbələri kimya ixtisası üzrə orijinal elmi ədəbiyyatı müstəqil oxumağa və tərcümə etməyə hazırlamaq, həmçinin universitetlər üçün "İngilis dili" proqramı əsasında verilən danışıq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Dərs vəsaiti digər tərəfdən tələbələrin ixtisas yönümlü lüğətlə işləmə bacarıqlarının, elmi texniki ədəbiyyatın tərcüməsi və şifahi nitqdə xüsusi terminlərdən istifadə bacarıqlarının formalaşdırılması və təkmilləşdirilməsi üçün hazırlanıb.
Dərs vəsaiti bütövlükdə 20 mövzudan ibarətdir: burada “Branches of Chemistry”, “History of Chemistry”, “Matter”, “Analytical Chemistry”, “Organic Chemistry”, “Petroleum” və digər mövzular öz əksini tapıb. Hər bir mövzu üçün orijinal ingilis dilindəki mənbələrdən götürülmüş mətnlər verilib və həmin materiallar auditoriyanın səviyyəsinə uyğun şəkildə adapdə edilərək yenidən işlənib. Tələbələrin leksik bacarıqlarının formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə hər bölmədə bir neçə qrammatik tapşırıq və ixtisas yönümlü terminlərin iştirakı ilə düzələn söz birləşmələri verilir. Dərs vəsaitinin sonunda tələbə və müəllimlər üçün çətin anlaşılan söz və terminlərin tərcümələri, kimya ixtisasına aid sxemlər və diaqramlar, kimyəvi element cədvəli və həmçinin qaydasız feillərin cədvəli təqdim olunur.