Əməkdaşlarımız Dövlət İmtahan Mərkəzində Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyasının onlayn platformasının təqdimatına həsr olunan tədbirdə
17 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyasının onlayn platformasının təqdimatına həsr olunan tədbir keçirilib. Müxtəlif dövlət qurumlarının nümayəndələrinin, respublikanın ayrı-ayrı elm və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin və media nümayəndələrinın qatıldığı tədbirdə BDU-nun Filologiya fakültəsinin əməkdaşları – Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Azərbaycan dilçiliyi kafedrasının professoru Reyhan Həbibli, həmin kafedranın baş müəllimi Təranə İsmayıl, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçiləri – Ramil Bayramov və Pərvin Eyvazov iştirak ediblər.
Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin Azərbaycan dili haqqında çıxışlarından ibarət videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının doğma dilimizin inkişafı üçün əhəmiyyətini vurğulayıb, imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb və hər kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştirak etməyə çağırıb.
Sonra imtahan proqramının elmi redaktoru və həmmüəlliflərindən biri Azərbaycan Dillər Universitetinin baş müəllimi Səbinə Əliyeva, DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov sözügedən imtahanın məzmununun hazırlanması, Azərbaycan dili üzrə bilik və bacarıqların A1-dən C2-yə qədər müxtəlif səviyyələr üzrə qiymətləndirilməsi, atılan addımın gələcək perspektivləri və qarşıda dayanan əsas vəzifələr haqqında çıxışlar ediblər.
Daha sonra Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn platformasının sınaq versiyası iştirakçılara nümayiş etdirilib.