“Elmi nitqə dair bacarıqların inkişafı” adlı elmi seminar
Bakı Dövlət Universiteti Filologiya fakültəsi Rus dili (təbiət fakültələri üzrə) kafedrasında “Elmi nitqə dair bacarıqların inkişafı” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən kafedranın baş müəllimi Gültəkin Əliyar qızı Qarabağlı qeyd edib ki, rus dilinin bir xarici dil kimi mənimsənilməsi müvafiq bilik və bacarıqların əsasında reallaşır. Bu amil ən önəmli və aktual problem kimi tədris proqramlarında da ön planda durur. Dilə aid biliklər leksik-qrammatik yönümlü məlumatla bağlıdır, nəzəri qaydalar və söz ehtiyatına söykənir. Nitq bacarıqları, o cümlədən elmi nitq sahəsində vərdişlər isə praktik xarakter daşıyır. Buna görə də nitq bacarıqlarını inkişaf etdirmək üçün müntəzəm olaraq ixtisas üzrə elmi mətnlər üzərində iş aparılmalıdır. Onların məzmunu və verbal vasitələri (terminologiya və elmi anlayışları) təhlil edilərək araşdırmalıdır. Bu məqsədlə çoxsaylı ixtisas mətnlərin arasından elmipopulyar mətnləri seçib tədris prossesinə cəlb etmək lazımdır. Məsələn, fizika fakültəsi üçün “Mexanika” mövzusu ilə bağlı «Механическое движение», «Ещё раз о механике», «Колебания и волны», «Относительность движения» adlı mətnləri götürmək olar. Bu qəbildən olan mətnlər üzərində işləyərkən tələbələr xeyli sayda ümumişlək sözlərin və xüsusi terminlərin (атом, закон, теорема, молекула, материя, наука, энергия, элемент, тело, кислород, частица və s.) məna və işlənmə qaydalarına bələd olurlar. Beləliklə də, mətnlərin sayı çoxaldıqca termin və anlayışların da sırası genişlənir, tələbələrdə bu sahədə bacarıqların inkişafı reallaşır.